CEYHUN BAYRAMOV MONTENEQRO PARLAMENTİNİN SƏDRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

17 yanvar 2022-ci ildə xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən verilən məlumata görə, qarşı tərəfi salamlayan nazir Ceyhun Bayramov Azərbaycanın Monteneqro ilə münasibətlərin inkişafına əhəmiyyət verdiyini bildirib. O, iki dövlət arasında yüksək səviyyəli siyasi dialoqun mövcud olmasından və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə edib. Nazir, parlamentin sədrinin hazırkı səfərinin və bu çərçivədə keçirilmiş görüş və müzakirələrin ikitərəfli əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərəcəyini qeyd edib.

Parlamentin sədri Aleksa Beçiç səmimi salamlamaya və qonaqpərvərliyə görə təşəkkür bildirib. Səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin sədri, habelə Baş nazir ilə keçirilmiş görüşlərə məmnunluqla istinad edib. Münasibətlərin inkişafında hər iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyəti xüsusilə vurğulanıb. Aleksa Beçiç Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində ölkəsinə göstərdiyi humanitar yardımı minnətdarlıqla qeyd edib.

Tərəflər iki ölkə arasında iqtisadi, sərmayə, nəqliyyat, enerji, humanitar, o cümlədən turizm sahələrində əməkdaşlığın inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. İki ölkənin siyasi sahədə, eləcə də konsulluq sahəsində məsləhətləşmələri davam etdirməsinin vacibliyi qeyd olunub. Habelə, iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsi baxımından hökumətlərarası birgə komissiyanın fəaliyyətinin önəmi vurğulanıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də 30 ilə yaxın davam edən işğala son verən 44 günlük müharibənin nəticələri, azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma işləri, çoxsaylı məcburi köçkünlərin mümkün qədər qısa zamanda şərəfli və təhlükəsiz geri dönüşünü təmin etmək üçün hökumət tərəfindən görülən təxirəsalınmaz tədbirlər, o cümlədən ərazilərin minalardan təmizlənməsi sahəsində fəaliyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı atılan addımlar barədə məlumat verib.

Aleksa Beçiç dost Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü Monteneqronun hər zaman dəstəklədiyini qeyd edib. O, ölkəsinin sülh və dialoqun gələcəyinə inandığını qeyd edib, bu xüsusda bölgədə sülh quruculuğu fəaliyyətində Azərbaycana uğurlar arzulayıb.

Monteneqro Parlamentinin sədri Azərbaycan xarici işlər nazirini ölkəsinə səfər etməyə dəvət edib.

Nazir Ceyhun Bayramov dəvətə görə təşəkkürünü bildirib və Azərbaycanın ikitərəfli əlaqələrin daha da inkişafına hazır və sadiq olduğunu səsləndirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.