Türkiyə Xarici işlər naziri cəbhədəki vəziyyətlə bağlı zəng edib narahatlığını bildirib.
Bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, gün ərzində Rusiya, İran, Avropa İttifaqı və bir sıra ölkə və beynəlxalq təşkilatlarla əlaqə saxlanılıb və məlumat verilib. Bütün danışıqlarda məsələnin mahiyyəti və mövcud durum barədə müzakirə olunub. 30 ilə yaxındır ki, Azərbaycanın ərazisinin 20 faizi hələ də işğal altındadır. Azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Həmin ərazilərdə azərbaycanlı qalmayıb. Beynəlxalq təşkilatların qətnamələri olmaqla Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı uzun illər danışıqlar aparılıb, amma Ermənistan bu danışıqlardan yayınıb. Paşinyanın Qarabağın Ermənistan olması barədə bəyanatı açıq təxribat idi. Ermənistan müdafiə nazirinin yeni müharibə konsepsiyasına imza atması növbəti təxribat idi. Mart ayında Dağlıq Qarabağda qanunsuz seçkilər keçirilməsi və digər təxribat xarakterli hərəkətlər danışıqlara çox ciddi zərbə vurdu, prosesi iflic etdi. Bu təxribatlara beynəlxalq təşkilatlar ciddi reaksiya vermədi və bu da bizi narahat edir. Ermənistan silahlı qüvvələri iyul ayında Tovuz rayonuna hücum etdi, avqust ayında erməni kəşfiyyat dəstəsi təmas xəttində təxribat törətdi və dünən səhər saatlarında növbəti təxribatlar baş verdi. Onlar mülki şəxsləri hədəf alaraq Azərbaycan əhalisinə qarşı təxribatlara davam edir. Dünən 6 nəfər mülki şəxs həlak olub, 19 nəfər isə yaralanıb. Biz ərazilərimizi müdafiə etməyə qadir olduğumuzu göstəririk”.
C.Bayramov deyib ki, bu təxribatlar Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazilərində baş verir: “Biz əminik ki, ərazisi işğal altında olan dövlətlə işğalçı dövlətə eyni bəyanatlar verilməsi uzun illər effekt vermədi. Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bu təcavüzə son qoymalıdır”.