Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşması üçün baza prinsiplərini təqdim etmişik.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana 5 maddəlik yeni təklif təqdim edib:
“Ermənistana irəli sürülən beş maddəlik təklifin əsas fəlsəfəsi ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsi başa çatandan, yəni 30 illik işğala son qoyulandan, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan dövlətinin bu səhifəni bağlamağa hazır olduğunu bildirmişdi. Belə olan təqdirdə Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyə hazırlığını bəyan etmişdi. Bu mesaj Ermənistana təxminən bir il bundan əvvəl verilmişdi. Bir il ərzində bir neçə dəfə bu təklif gündəmə gətirilib.
Azərbaycan beynəlxalq münasibətlərin məsuliyyətli üzvüdür. Biz həm ikitərəfli münasibətlərin inkişaf etməsində, həm də daha geniş mənada bölgədə sülh, inkişaf və tərəqqinin təmin edilməsi üçün qonşu ölkələr arasında münasibətlərin qurulmasında maraqlıyıq. İndiki vəziyyət, yəni Azərbaycanla Ermənistan arasında faktiki olaraq münasibətlərin, əlaqələrin olmaması, düşmənçiliyin saxlanması nə Azərbaycan, nə Ermənistan, nə də region üçün fayda gətirən deyil. Bundan irəli gələrək Azərbaycan bu addımı atdı. Bir ilə yaxın müddət ərzində Azərbaycan Ermənistandan heç bir konkret cavab almayıb. Bu məsələdə Azərbaycan tərəfi olaraq növbəti addımı atıb xoş niyyətimizi göstərdik.
Ermənistan böyük sülh müqaviləsi üzərində işləməyə – daxili siyasi proseslər baxımından – hazır deyilsə, nəsə tərəddüdləri varsa, biz prosesi onlar üçün asanlaşdırdıq və onlar üçün növbəti sənədi təqdim etdik. Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşması üçün baza prinsiplərini təqdim etdik. Həmin o prinsiplərə keçməyəcəm. Ancaq onu qeyd edə bilərəm ki, oradakı prinsiplər hamısı beynəlxalq hüquqa əsaslanır. Burada heç bir qeyri-adi müddəa yoxdur. Hesab edirik ki, həmin təklifləri rədd etmək çox məntiqsiz olar. Ermənistan tərəfinin cavabını gözləyəcəyik. Bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istəyirik. Bir ilə yaxın müddət idi ki, sülh müqaviləsi təklifini vermişdik və buna heç bir cavab yox idi. Ancaq biz ikinci sənədi Ermənistana təqdim edəndən sonra dünən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ermənistanın Azərbaycanla sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq üçün beynəlxalq vasitəçilərə müraciət etmək planlarını dilə gətirib. Bu ikinci təklifə müəyyən mənada Ermənistandan cavab reaksiyası idi” – nazir deyib.