CEYHUN BAYRAMOV ÇEXİYA BAŞ NAZİRİ İLƏ COP29-LA BAĞLI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİB

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Petr Fiala ilə görüşüb.

XİN-dən bildirilib ki, görüş zamanı Azərbaycan və Çexiya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

Ötən il Azərbaycan və Çexiya arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyininin qeyd olunduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov, bu illər ərzində ölkələrimiz arasında inkişaf edən yüksək səviyyəli siyasi dialoqun, intensiv qarşılıqlı səfərlər və təmasların ikitərəfli, o cümlədən çoxtərəfli platformalarda birgə fəaliyyətə töhfə verdiyini bildirib.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar, humanitar və s. sahələr üzrə strateji tərəfdaşlığın məmnunluq doğurduğu, bununla belə əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensial və imkanlardan istifadə olunmasının zəruriliyi qeyd olunub.

Görüşdə, eyni zamanda ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verilib, habelə iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Alternativ enerji sahəsində ölkəmizin prioritetləri, Avropa ölkələri ilə əməkdaşlıq planları diqqətə çatdırılıb, Çexiya ilə də əməkdaşlıq imkanlarının olduğu bildirilib.

Nazir Ceyhun Bayramov həmçinin qarşı tərəfi postmünaqişə dövründə regiondakı cari vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa, yenidənqurma və minatəmizləmə işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Çex şirkətlərinin bərpa-quruculuq işlərində iştirakı üçün geniş potensial və maraq diqqətə çatdırılıb.

Regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində tarixi şəraitin mövcud olduğu, habelə ölkəmiz tərəfindən hazırkı imkanların dəyərləndirilməsi istiqamətində davamlı səylərin göstərildiyi bildirilib. Bu çərçivədə, delimitasiya komissiyasında əldə olunmuş razılığa əsasən Ermənistan işğalı altında olan 4 kəndimizin qaytarılmasının əhəmiyyətli addım olduğu diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Çexiya baş naziri ilə COP29-la bağlı məsələləri müzakirə edib (FOTO)

Ceyhun Bayramov Çexiya baş naziri ilə COP29-la bağlı məsələləri müzakirə edib (FOTO)

Ceyhun Bayramov Çexiya baş naziri ilə COP29-la bağlı məsələləri müzakirə edib (FOTO)