CEYHUN BAYRAMOV: BÖLGƏDƏ VƏZİYYƏTİN GƏRGİNLƏŞMƏSİNİN MƏSULİYYƏTİ BİLAVASİTƏ ERMƏNİSTANIN HƏRBİ-SİYASİ RƏHBƏRLİYİNİN ÜZƏRİNDƏDİR

Noyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon söhbəti zamanı Ann Linde bu il noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib, hər iki tərəfi vəziyyətin gərginləşdirilməsindən çəkinməyə və konstruktiv dialoqa çağırıb.
Nazir Ceyhun Bayramov baş verən gərginliyin Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlardan növbəti biri olduğunu qeyd edib. Noyabrın 8-dən etibarən Ermənistan tərəfindən törədilən hərbi təxribatlar barədə ətraflı məlumat verən nazir bu xüsusda, Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazilərinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, Şuşa yaxınlığında erməni terrorçuların Azərbaycan postuna hücumu, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqelərini davamlı şəkildə atəşə tutması ilə bağlı məlumatları qarşı tərəfin diqqətinə çatdırıb. Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli Bəyanatın icrasına maneələr törədilməsinin məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində olduğu vurğulanıb.
Ermənistanın Azərbaycanı beynəlxalq hüququn prinsipləri əsasında delimitasiya prosesinə başlamaq çağırışına qarşılıq vermədiyini nazir Ann Lindenin diqqətinə çatdıran Ceyhun Bayramov məsələnin konstruktiv dialoq vasitəsilə həllinin alternativinin olmadığını söyləyib.
Telefon danışığı zamanı tərəflər, həmçinin ATƏT-in Stokholmda keçiriləcək nazirlər görüşünə hazırlıqla bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.