Noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf üzrə Əlaqələndirmə Ofisinin (UNDCO) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Qui-Yeop Son arasında videokonfrans formatında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın BMT ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmizdə həyata keçirilməsinin diqqət mərkəzində saxlanıldığını bildirən nazir bu istiqamətdə Azərbaycan tərəfindən atılan mühüm addımları, o cümlədən Azərbaycanın keçmiş SSRİ məkanında BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) himayəsi altında keçirilən Yüksək Səviyyəli Siyasi forumlarda üç dəfə Könüllü Milli İcmal təqdim etmiş ilk ölkə olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19-la mübarizə sahəsində irəli sürdüyü təşəbbüslərdən, o cümlədən peyvəndlərin dünyada ədalətli paylanması təşəbbüsündən, ÜST vasitəsilə dünyanın 30-dan artıq ölkəsinə yardım təqdim edilməsindən danışıb.
Nazir, həmçinin həmsöhbətinə keçmiş münaqişənin doğurduğu ağır fəsadlar, münaqişə sonrası mərhələnin yeni reallıqları, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. Bərpa və yenidənqurma işlərində beynəlxalq tərəfdaş qismində BMT ilə əməkdaşlıqda maraqlı olduğumuz və bir sıra BMT qurumları ilə bu istiqamətdə iş getdiyi qeyd edilib.
Xanım Qui-Yeop Son Ceyhun Bayramova beynəlxalq inkişaf naminə əməkdaşlığın dəstəklənməsində və Qoşulmama Hərəkatında (QH) uğurlu sədrliyinə görə təşəkkürünü ifadə edib. 2022-ci ildə BMT-Azərbaycan əməkdaşlığının 30-cu ildönümü olduğunu xatırladan UNDCO-nun regional direktoru bu münasibətlə müvafiq tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edib.
Ölkəmizin münasibətləri normallaşdırmaq niyyətinin BMT tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb. Ərazilərin bərpası və regionda sülh quruculuğu prosesində, o cümlədən iki ölkə arasındakı münasibətlərin normallaşmasına yönəlmiş hər hansı fəaliyyətdə BMT-nin fəal iştirak etməyə və Azərbaycanın səylərinə dəstək verməyə hazır olduğu səsləndirilib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.