CEYHUN BAYRAMOV BMT-NİN QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARI İLƏ GÖRÜŞÜB

23 sentyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) Filippo Qrandi ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran humanitar məsələlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin, 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, məcburi köçkünlərin öz evlərinə qayıdışı məsələsi də müzakirə olunub.

Nazir Ceyhun Bayramov azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri və məcburi köçkünlərin bu ərazilərə geri qayıtması tədbirləri ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

Filippo Qrandi ətraflı məlumata görə öz təşəkkürünü ifadə etdi və regionda davamlı sülhün əldə olunması məqsədilə iki dövlət arasında münasibətlərin bərpasının önəmli olduğunu qeyd etdi.