12 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın siyasi-ictimai dairələri, tədqiqat mərkəzləri və mətbu orqanlarını təmsil edən nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi ən böyük təhdid olan Ermənistanın təcavüz siyasəti, onun nəticələri, onilliklər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyət, genişmiqyaslı dağıntılar və Ermənistanın hərbi təxribatları barədə məlumat verib.
Post-münaqişə mərhələsi və bölgədəki cari vəziyyətdən danışan nazir, işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, bu ərazilərdəki mina təhlükəsi və doğurduğu fəsadlar, həyata keçirilən bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə məlumat verdi.
Daha sonra nazir nümayəndə heyəti tərəfindən səsləndirilən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verilən dəstək, mina təhlükəsinin aradan qaldırılması, Azərbaycanlı məcburi köçkünlərin evlərinə geri qayıdışı və xalqların birgə yaşayışı, habelə Birləşmiş Krallıq və Azərbaycan münasibətləri və s. suallarını cavablandırdı.
Görüşün sonunda nümayəndə heyətinin üzvlərinə Heydər Əliyev Fondu tərəfindən dərc edilən “Qarabağ işğaldan öncə və sonra” kitabı təqdim edildi.