CEYHUN BAYRAMOV: AZƏRBAYCAN VƏ ÇEX RESPUBLİKASI QARABAĞDA BÖYÜK ƏMƏKDAŞLIQ POTENSİALINA MALİKDİR

Azərbaycan və Çex Respublikası azad edilmiş ərazilərin bərpası sahəsində böyük əməkdaşlıq potensialına malikdir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki ilə birgə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, bu sahədə ölkəyə Çex şirkətlərinin və investisiyalarının cəlb olunması üzrə danışıqlar aparılacaq:

“Azərbaycanla Çex Respublikası arasında ikitərəfli münasibətlər müzakirə olunub. 2015-ci ildə ölkələrimiz arasında əməkdaşlıq barədə strateji saziş imzalanıb. Ölkələr arasında iqtisadi istiqamətlər üzrə işçi qrupu işini davam etdirir. Azərbaycan Çex Respublikasının enerji ehtiyatlarına tələbatının üçdə bir hissəsini təmin edir. Biz həm də IT və nəqliyyat sahələrində əməkdaşlıq edirik. Bundan başqa, Çex tərəfi Ələt azad iqtisadi zonasında işlərdə iştirak etməkdə maraqlıdır”.