CEYHUN BAYRAMOV: AZƏRBAYCAN İTKİN DÜŞMÜŞ MİNLƏRLƏ İNSANIN TALEYİ BARƏDƏ MƏSƏLƏNİN ÜZƏRİNƏ İSRARLA GEDƏCƏK

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə insanın taleyi hələ də naməlum qalır.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan bu məsələni bütün platformalarda qaldırıb və qaldrmaqda davam edəcək.

Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş zamanı Prezident İlham Əliyev bu məsələni yenidən qaldırdı və nə qədər vacib olduğunu diqqətə çatdırdı.

“Bu müzakirə zaman Ermənistan baş naziri bu istiqamətdə əməkdaşlıq etməyə söz verdi. Bundan sonrakı hadisələr isə heç bir məntiqə sığmayan formada baş verdi. Ermənistan Xarici İşlər Nazirliyinin çox absurd açıqlamasının şahidi olduq. Onlar bu barədə əməkdaşlığın edilməsi ilə bağlı vəd verilmədiyi haqda açıqlama etdi. Bu çox absurd və heç bir çərçivəyə sığmayan bir yanaşmadır. Azərbaycan israrla bu məsələnin üzərinə gedəcək. Artıq zaman çatıb ki, beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiqi artırsınlar”, – deyə nazir əlavə edib.

C.Bayramov vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən indiyədək Ermənistana 1 700-dən artıq erməni hərbçinin meyitini təhvil verib.