
Azərbaycan Ermənistanla münasibətlərin normallaşması prosesinə beynəlxalq ictimaiyyətin töhfəsini yüksək qiymətləndirir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyanın Reykyavik şəhərində Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının dördüncü Zirvə Görüşündə deyib.
“Azərbaycan 2020-ci ildə Ermənistanla hərbi münaqişəyə son qoyduqdan sonra Azərbaycan xalqının 30 illik hərbi işğal nəticəsində uzun illər ərzində əziyyətlərə məruz qalmasına baxmayaraq, Ermənistanla davamlı sülhün təmin olunması istiqamətində aktiv şəkildə fəaliyyət göstərir. Münaqişənin bitməsi sülhün formalaşması, sabitliyin möhkəmləndirilməsi, sülh şəraitində birgə mövcudluğun təmini, iqtisadi inkişafa investisiya qoyma proqramlarının təşviqi və əməkdaşlıq üçün imkanlar və real perspektivlər yaradır. Bundan çıxış edərək Azərbaycan Ermənistana münaqişə sonrası normallaşma gündəliyi təklif edib. Hər iki tərəf ikitərəfli sazişin mətni üzrə danışıqlar aparır. Bu saziş bir-birinin suverenliyini qarşılıqlı tanıma və hörmət, ərazi bütövlüyü və dövlət sərhədlərinin pozulmazlığına əsaslanan dövlətlərarası münasibətlərin əsasını təşkil edəcək”, – o deyib.
C.Bayramovun sözlərinə görə, son aylar ərzində aparılan bir sıra danışıqlara baxmayaraq, irəliləyiş əvvəlki kimi gözləntilərə cavab vermir.
“Azərbaycan Ermənistanla münasibətlərin normallaşması prosesinə beynəlxalq ictimaiyyətin töhfəsini və Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi üzrə Aİ Şurası çərçivəsində göstərilən səyləri yüksək qiymətləndirir”, – o deyib.