Xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin Azərbaycana yeni təyin olunmuş səfiri Abdeluahab Osmanı qəbul edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfir Abdeluahab Osmanın etimadnaməsinin surətini qəbul edən nazir Ceyhun Bayramov Əlcəzair səfirini təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Nazir, Azərbaycanın Əlcəzair ilə münasibətlərin inkişafına yüksək əhəmiyyət verdiyini qeyd edib və bu xüsusda iki ölkə arasındakı yüksək səviyyəli təmasların vacibliyinə istinad edib. Ölkələrimizin siyasi, iqtisadi, humanitar, o cümlədən insanlar arasında əlaqələrin genişləndirilməsi sahələrində qarşılıqlı fəaliyyətin önəm kəsb etdiyi vurğulanıb. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda uğurla əməkdaşlığını davam etdirdiyi qeyd edilib. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Əlcəzairin, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə hər zaman dəstək olmasının tərəfimizdən yüksək qiymətləndirildiyi səfirin diqqətinə çatdırılıb.
Nazir, həmçinin səfirə bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası bərpa və quruculuq prosesi, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistanla münasibətlərin normallaşması imkanları və bu istiqamətdə Azərbaycan tərəfindən birtərəfli qaydada atılan addımlar, Azərbaycanın bölgənin sülh və təhlükəsizlik şəraitində, tərəqqi içində inkişafına dair gələcəyə baxışı ilə bağlı məlumat verib.
Səfir Abdeluahab Osman Azərbaycana təyinatından məmnunluğunu ifadə edib. O, ölkəsinin hər zaman sülh diplomatyasına üstünlük verdiyini və bu xüsusda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün imkanların olmasından razılığını bildirib.
Azərbaycan və Əlcəzair arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayan səfir bunun üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə tərəflər, habelə ikitərəfli əlaqələrin inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.