Çexiya və Cənubi Afrikadan olan media nümayəndələri Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin baş verdiyi ərazini ziyarət ediblər.
Media nümayəndələrinə terror hadisələri ilə bağlı məlumat verilib. Xarici media nümayəndələri burada qeydlər götürüb, fotolar çəkib, mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq əraziyə güllər düzüblər.
Qeyd olunub ki, 2020-ci il oktyabrın 11-də gecə saat 2 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 35 nəfər yaralanıb. Ümumiyyətlə, Vətən müharibəsi dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni beş dəfə (4, 5, 8, 11, 17 oktyabr) raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.