CBC TELEKANALININ BAŞ DİREKTORU VÜQAR XƏLİLOV BEYNƏLXALQ JURNALİSTLƏR FEDERASİYASI VƏ JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİNƏ MÜRACİƏT EDİB

Caspian International Broadcasting Company (CBC) Telekanalının baş direktoru Vüqar Xəlilov Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) və Jurnalistləri Müdafiə Komitəsinə (CPJ) müraciət ünvanlayıb.
Müraciətdə bildirilir:
“Yazıb, nəzərinizə çatdırıram ki, 04.06.2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb və nəticədə 3 nəfər – Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov, eləcə də Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək işğaldan azad olunan Azərbaycan ərazilərində mina partlaması nəticəsində 100-ə yaxın vətəndaşımız həlak olub, ağır xəsarətlər alıb. Onların əksəriyyəti əmək qabiliyyətini itirib, bir çox ailələr isə ailə başçısını, valideynini itirib. Mövcud problemin hələ də təhlükə olaraq qalmasının əsas səbəbi Ermənistanın işğal dövründə minaladığı ərazilərin xəritəsini Azərbaycana təhvil verməməsidir. Həmin xəritələrin verilməməsinin ümdə məqsədi bölgədə Azərbaycan əhalisinin həyatına qəsd etmək, doğma yurdlarından didərgin salınmış məcburi köçkünlərin qayıdışına əngəl olmaqdır. Bu, məqsədyönlü şəkildə post-müharibə dövründə minalanmış ərazilərdə mülki vətəndaşların və hərbçilərimizin bilərəkdən həlak olması niyyətinə hesablanıb. Sözügedən xəritə təqdim olunmadığı müddətdə həmin ərazidə xidmət göstərən istər hərbçilərin, istərsə də vəzifə borcunu yerinə yetirən media nümayəndələrinin həyatı hər zaman təhlükə altında qalmaqda davam edəcək. Ermənistanın bu addımı gələcəkdə işğaldan azad olunan ərazilərdə qurulacaq yeni infrastrukturdan sonra öz torpaqlarına geri dönəcək sivil vətəndaşlar üçün də potensial təhlükədir.
Qeyd edim ki, indiki halda Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur.
“Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiya minalanmış ərazilərin dəqiq qeyd edilməsini və döyüş əməliyyatları başa çatdıqdan sonra minaların təmizlənməsi üçün lazımi tədbirlərin görülməsini tələb edir. Bu protokola məhəl qoymadığı üçün Ermənistana qarşı sanksiyaların tətbiqi mümkündür. Sadəcə, bunun üçün dünya ictimaiyyətindən obyektiv yanaşma sərgiləməsi, ortaya konkret iradə qoyması tələb edilir.
BMT Təhlükəsizlik Şurası tərəfindən 2017-ci ildə qəbul edilən 2365 saylı qətnaməyə əsasən, quruma üzv dövlətlər minaya qarşı mübarizədə öhdəliklərini yerinə yetirməlidirlər. Bu öhdəliklərdən biri də məhz post-müharibə dövründə minalanmış ərazilərin xəritəsinin təqdim edilməsi ilə bağlıdır. Ermənistan bu xəritəni Azərbaycana verməməklə qeyd edilən qətnamənin tələblərini pozur. Bu səbəbdən BMT Təhlükəsizlik Şurası çərçivəsində Ermənistana qarşı müvafiq addımların atılması zəruri şərt kimi çıxış edir.
Bunları nəzərə alaraq, sizdən baş verən hadisəyə reaksiya verməyinizi və səsimizi dünya ictimaiyyətinə çatdırmaqla bu təxribatları törədənlərə qarşı sərt tədbirlər görülməsinə yardım etməyinizi rica edirəm.”