“CAVANŞİR” KÖRPÜSÜNÜN ƏRAZİSİNDƏ YENİ YOLUN İNŞASI YEKUNLAŞIR

“Cavanşir” yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, “İnşaat Norma və Qaydaları”na əsasən aparılan işlər çərçivəsində ərazidə körpünün sökülməsi, sökülmüş hissələrin ərazidən daşınması işləri görülüb.

Daha sonra ərazidə yararsız qrunt qazılaraq çıxarılıb, kommunikasiya xətləri köçürülüb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı inşa edilib.

Layihəyə uyğun olaraq, yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yolun və əsas yola birləşən giriş-çıxış yollarının tikintisi üçün yol əsasının inşası da yekunlaşdırılaraq asfaltlanma işləri yerinə yetirilib.

Aparılan işlər həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Belə ki, layihə boyu yeni piyada səkilərinin tikintisi icra olunub. Hazırda piyada səkilərinin və yolun hərəkət hissəsinin kənarlarına yeni səki daşlarının düzülməsi, səkilərin tamet daşlarla örtülməsi işləri də aparılır.

Bundan başqa, layihəyə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ayrıcı zolaqlarda və yol kənarlarında əlavə abadlaşdırma işləri görülür, münbit torpaq qatı verilərək yeni yaşıllıq ərazilər salınır. İşlərin tərtib olunmuş qrafikə uyğun yaxın günlərdə yerinə yetirilib yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.