CARİ İLİN İLK 9 AYINDA ÖLKƏMİZƏ GƏTİRİLƏN MİNİK AVTOMOBİLLƏRİNİN 30,2%-İ EKOLOJİ TƏMİZ MİNİK AVTOMOBİLLƏRİ OLUB

Ölkədə əhalinin artması ilə bərabər minik avtomobillərinin də sayı çoxalır ki, bu da atmosferə atılan zərərli qazların həcminin xeyli artması ilə nəticələnir. Nəqliyyat sektorunun ətraf mühitə, o cümlədən iqlim dəyişmələrinə mənfi təsirlərinin azaldılması məqsədilə ölkəmizdə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, bir sıra tədbirlər həyata keçirilir. Nəticədə ekoloji təmiz avtomobillərə bir sıra maliyyə güzəştlərinin tətbiqi ölkəmizdə həmin nəqliyyat vasitələrinin sayının artmasına yol açır.

MTM-in Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin verdiyi rəsmi məlumatlar əsasında apardığı təhlil göstərir ki, cari ilin yanvar-sentyabr aylarında ölkəmizə idxal olunan minik avtomobillərinin 30,19%-i ekoloji təmiz minik avtomobilləri olub ki, bu da indiyə qədər qeydə alınan ən yüksək faiz göstəricisidir. Ötən ilin eyni dövründə bu göstərici 18,86%, yekununda isə 19,51% təşkil etmişdi.

Ümumilikdə son illərə nəzər salsaq, hər il bu faizin artdığının şahidi olarıq. 2018-ci ildən başlayaraq ölkəmizə gətirilən ekoloji təmiz minik avtomobillərinin sayı ilk ildə ümumi minik avtomobili idxalının cəmi 1,47%-ni təşkil etmişdi.

Say olaraq nəzər yetirsək, cari ilin ilk 9 ayında ölkəmizə 17 955 ədəd ekoloji təmiz minik avtomobilinin idxal olunduğunu görərik. Bu say ötən ilin eyni dövrü ilə müqayisədə 41,1% çoxdur. Ötən ilin yekun göstəricilərinə əsasən ölkəyə 17 200 ekoloji təmiz minik avtomobili gətirilib ki, bu da cari ilin ilk 9 ayına olan göstəricidən azdır. 2022-ci ilin yekun göstəricisi ilə müqayisədə isə, 45,5% çoxdur.

Bu növ minik avtomobillərinin idxal olunduğu ilk ildə (2018) cəmi 384 ekoloji təmiz minik avtomobili idxal olunmuşdu. Növbəti ildə isə bu say 9,8 dəfə artaraq 3 777-yə çatmışdı.

Yeganə azalma 2022-ci ildə qeydə alınıb ki, həmin dövrdə əvvəlki il ilə müqayisədə idxal olunan ekoloji təmiz minik avtomobillərinin sayı 9,7 % azalaraq 11 824 ədəd təşkil edib.

Cari ilin ilk 9 ayında ölkəmizə gətirilən 17 955 ekoloji təmiz minik avtomobilinin 59,66%-ni və ya 10 712 ədədini “hibrid” minik avtomobilləri təşkil edib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə idxal olunan “hibrid” minik avtomobillərinin sayı 12,8% artıb. Lakin, ötən ilin ilk 9 ayında “hibrid” minik avtomobilləri daha çox (74,63%) paya sahib idi. Bu faizin azalmasının səbəbi idxal olunan “plug-in” hibrid minik avtomobillərin sayının ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə artmasıdır. 2023-cü ilin ilk 9 ayında 1 110 “plug-in” hibrid minik avtomobili idxal olunmuşdusa, cari ilin ilk 9 ayında bu say 4 998-ə bərabər olub.

İdxal olunan elektromobillərin sayı isə cəmi 6% artaraq  2 245-ə çatıb. Elektromobillər ümumi idxal olunan ekoloji təmiz minik avtomobillərinin 12,5%-ni təşkil edib.

Hibrid avtomobillər – Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olmayan, sıxılmadan alışan porşenli daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələridir.

İlk olaraq indiyədək ölkəmizə gətirilən hibrid minik avtomobillərinin sayına baxsaq, bu illər ərzində toplam 55 761 ədəd hibrid minik avtomobilinin idxal olunduğunu görərik. Yalnız 2022-ci ildə əvvəlki il ilə müqayisədə idxal sayında azalma müşahidə olunan bu tip minik avtomobillərinin idxalı hər il artıb.

İlk olaraq 2018-ci ildə ölkəmizə 285 ədəd “hibrid” minik avtomobili idxal olunub. Növbəti ildə isə onların sayı 12,7  dəfə artaraq 3 634-ə çatıb. Cari ilin yalnız ilk 9 ayında isə ölkəmizə 10 712 “hibrid” minik avtomobili idxal olunub.

“Plug-in” hibrid avtomobillər – Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, sıxılmadan alışan porşenli daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Son illərdə bir çox avtomobil istehsalçılarının “plug-in” hibrid tipli minik avtomobilləri istehsalını artırması ölkəmizə gətirilən bu tip minik avtomobillərinin sayının artmasına səbəb olub. Əvvəlki illərdə az sayda “plug-in” hibrid minik avtomobilləri idxal olunsa da, 2022-ci ildə bu say 2021-ci il ilə müqayisədə 2,9 dəfə artaraq 318 ədəd olub. Növbəti ildə isə bu say daha 5,9 dəfə artaraq 1 891-ə bərabər olub. Cari ilin ilk 9 ayında isə bu say rekord həddə (4 998) çatıb. Ümumilikdə indiyədək ölkəmizə 7 365 “plug-in” hibrid minik avtomobili idxal olunub.

Elektromobil – Yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri.

Yanacaq sərfiyyatı olmayan və ekoloji cəhətdən tamamilə zərərsiz olan elektromobillərin də sayı ölkəmizdə günü-gündən artır. Öncəki illərdə az sayda idxal olunsa da, 2022-ci ildən etibarən elektromobillərin idxalında artım müşahidə olunub. 2022-ci ildə 486 elektromobil ölkəmizə gətirilib ki, bu da əvvəlki il ilə müqayisədə 3 dəfə çoxdur. 2023-cü ildə isə bu say daha 6,4 dəfə artaraq  3 102-yə bərabər olub. Cari ilin ilk 9 ayında isə ölkəmizə 2 245 ədəd elektromobil idxal olunub. Ümumilikdə, indiyədək Azərbaycana 6 358 elektromobil gətirilib.

Hər iki ölkənin Dövlət Statistika Komitələrinin rəsmi internet səhifələrindən əldə olunan məlumatlar əsasında aydın olur ki, cari ilin ilk 9 ayında Azərbaycana 17 955, Gürcüstana isə 29 604 ədəd ekoloji təmiz minik avtomobili idxal olunub. Yanvar-sentyabr aylarında Azərbaycana 10 712 , Gürcüstana isə 25 465 hibrid minik avtomobili gətirilib. “Plug-in” hibrid minik avtomobillərinin idxalına görə Azərbaycan Gürcüstanı qabaqlayıb. Azərbaycana ilk 9 ayda 4 998 ədəd, Gürcüstana isə 874 ədəd bu tip minik avtomobili gətirilib. Həmin dövrdə Gürcüstan 3 265, Azərbaycan 2 245 elektromobil idxal edib.

Lakin, onu da qeyd edək ki, Azərbaycanın idxal etdiyi minik avtomobilləri arasında ekoloji təmiz minik avtomobillərinin sayı ümumi idxalın 30,2 %-ni təşkil edir. Gürcüstanda isə bu göstərici 20,4%-ə bərabərdir.

Bundan əlavə, Gürcüstanın minik avtomobillərini idxal etdikdən sonra üçüncü ölkələrə ixrac etməsi ilə ticarət gəliri əldə etdiyi hər kəsə məlumdur. Bunu araşdırdıqda isə cari ilin ilk 9 ayında idxal olunan ekoloji təmiz minik avtomobillərinin Azərbaycan üzrə  0,9%-nin , Gürcüstan üzrə isə 26,8 %-nin ixrac olunduğunu görərik.

Ermənistanın rəsmi mənbələrində bu mövzu ilə bağlı yeni məlumatlar əks olunmayıb.