
Ölkədə insan amilinin yüksəlişinə xidmət edən humanist siyasətin tərkib hissəsi olaraq Azərbaycanda məhkumların bağışlanması, əfv edilməsi sivil hüquqi prosedura, mütərəqqi ənənəyə çevrilib. Prezident İlham Əliyev mayın 26-da bununla əlaqədar imzaladığı növbəti, sayca 40-cı əfv sərəncam ölkəmizin mərhəmət və humanizmə əsaslanan siyasətinin davamlı səciyyə daşıdığını, sosial gözləntilərə əsaslandığını bir daha təsdiqləyir.
“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 220 nəfərə şamil edilib, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Sənədə əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib. 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub, 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Bundan əlavə, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.
Son 30 ildə ölkədə yürüdülən ardıcıl hüquq islahatların, vətəndaş cəmiyyəti quruculuğu prosesinin nəticəsi kimi cəzanın tərbiyəvi əhəmiyyətini dərk edərək islah olunan, törətdiyi qanunazidd əməldən səmimi peşmançılıq keçirən məhkumların bağışlanması, əfv edilməsi davamlı xarakter alıb. Xatırlatmaq yerinə düşər ki, Ulu Öndər Heydər Əliyevin mürəkkəb şəraitdə əfv və amnistiya institutlarını bərpa etməsi, cəza siyasətində insan ləyaqətinə əsaslanan yanaşmasının təməlini qoyub.
Azərbaycanın postsovet məkanında ölüm hökmünün icrasına 1993-cü ildə ilk dəfə moratorium qoyan ölkə olması, eyni zamanda 1998-ci il 10 fevral tarixində Şərqdə ilk dəfə bu cəzanı ləğv edilərək Cinayət Məcəlləsindən çıxarılması yüksək insanpərvərlik nümunəsi kimi xatırlanır. Ölüm hökmünün ləğvinin mühüm nəticələrindən biri də Azərbaycanın 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzvlüyünün reallaşması, ölkəmizin milli maraq və mənafelərini qorumaq üçün əlverişli tribuna əldə etməsi olub.
Ümumiyyətlə, 1995-ci ilin may ayında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yaradılması ümümbəşəri dəyərlərin təbliği və təşviqinə, eləcə də respublikamızın beynəlxalq nüfuzunun yüksəlməsinə zəmin yaradıb. Komissiyasının tərkibinə ictimaiyyətin və qeyri-hökumət təşkilatlarının tanınmış təmsilçilərinin daxil edilməsi şəffaflıq və hesabatlılıq, habelə obyektiv və ədalətli qərarların qəbulu baxımından səmərəli nəticələr verir. Bu şəffaf format əhalinin və məhkumların komissiyaya müraciət imkanlarını, eləcə də müraciətləri hərtərəfli təhlil edilməsini asanlaşdırır.
Əfv və amnistiya tədbirləri ölkəmizin məhkəmə-hüquq sistemində insan hüquqlarına yüksək qiymətin göstəricisidir. İmzalanan sərəncamlar, qəbul olunan amnistiya aktları yalnız hüquqi prosedur deyil, həm də ictimai barış və vətəndaş inteqrasiyası baxımından mühüm vasitədir. Prezident İlham Əliyevin 22 illlik rəhbərliyi dövründə 40 əfv fərmanının imzalanması bu sahədə həyata keçirilən siyasətin ardıcıllığını təsdiq edir. Bu tədbirlər məhkumların səhvlərindən nəticə çıxararaq sağlam sosial münasibətlərə adaptasiyası baxımından da əhəmiyyətlidir.
Noyabr ayında qəbulunun 30 illiyi qeyd olunacaq Azərbaycan Respublikası Konstitusiyasında əfvetmə və amnistiya institutu hüquqi dövlətin fundamental elementlərindən biri kimi təsbit olunub. Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfvetmə səlahiyyəti Prezidentə məxsusdur. Ali sənədin 65-ci maddəsi isə məhkumun əfv olunmaq hüququnu tanıyır. Aministiya aktlarının qəbulu Konstitusiyamızın 95-ci maddəsinin I hissəsinin 19-cu bəndinə əsasən tənzimlənir və Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aiddir. Bu müddəalar dövlətin nəcib ali dəyərlərə, insanpərvərlik prinsipinə nə qədər bağlı olduğunu nümayiş etdirir. Əfv fərmanları konkret şəxslərə münasibətdə ciddi qiymətləndirməyə, təhlilə əsaslandığı üçün sosial və hüquqi ədaləti özündə ehtiva edir.
Prezident İlham Əliyevin demək olar ki, hər il imzaladığı əfv sərəncamları ölkəmizin cəza siyasətində tarazlığın və mütənasibliyin qorunmasına xidmət edir. Əfv sərəncamları ilə yanaşı, məhkumların azad cəmiyyətə inteqrasiyası üçün müxtəlif zəruri sosial tədbirlər, layihələr icra edilir. Nəticədə bir tərəfdən penitensiar sistemə düşən yük azalır, digər tərəfdən cəmiyyətdə sosial barış, dözümlülük, qanunçuluq mühiti möhkəmlənir.
Əfvetmə və amnistiya aktları ictimaiyyət üçün mürətəqqi mesajdır: dövlət fərdlərə səhvlərindən nəticə çıxarmaq, azadlığı dəyərləndirmək üçün yeni fürsət tanıyır. Keçmiş səhvlərinə görə insanları ayrı-seçkiliyə, təcridetməyə məruz qoymur. Bu hər bir sivil, tolerant, hüquqi dövlət üçün fundamental prinsiplərdir. Başqa sözlə, imzalanan əfv sərəncamları vətəndaşların hüquq mədəniyyətinin yetkinləşməsi baxımından da müstəsna əhəmiyyət kəsb edir.
Mütərəqqi haldır ki, əfv sərəncamları yalnız Azərbaycan deyil, xarici ölkələri vətəndaşlara da şamil edilir. Sonuncu sərəncam əsasında əfv edilənlər sırasında Fransa vətəndaşının da olması Azərbaycanın humanizm prinsipini universal dəyərlər kontekstində dəyərləndirdiyini göstərir. Bu həm də dövlətimizin beynəlxalq hüquq normalarına, dövlətlərarası sazişlərə sadiqliyinin sübutudur.
MTM Analitik Qrup