CƏNUBİ QAFQAZIN TALEYİ ÜÇÜN AZƏRBAYCANIN TƏKLİF ETDİYİ ÜÇLÜ PLATFORMANIN YARADILMASI TARİXİ ZƏRURƏTƏ ÇEVRİLİR

Cənubi Qafqazda geosiyasi müstəvidə rəqabətin yenə kəskin xarakter aldığı, müxtəlif güclərin regionu qarşıdurma məkanına çevirməyə çalışdığı müşahidə olunur. Bu məqsədlə Ermənistanın artıq növbəti poliqona çevrilməkdə olduğu da diqqətdən yayınmır. Eyni zamanda qonşu Gürcüstanın da daxili işlərinə müdaxilə cəhdləri artmaqda davam edir. Hadisələrin bu səpkidə inkişafı regionun lider ölkəsi kimi Azərbaycanın təbii narahatlığına və narazılığına səbəb olmaqdadır.


Hələ İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı regionda qarşılıqlı münasibətlərin yeni mərhələsinin başlanması məqsədilə Azərbaycan-Gürcüstan-Ermənistan üçlüyündən ibarət olacaq vahid müzakirə platformasının yaradılması təşəbbüsünü irəli sürüb. Prezident İlham Əliyev iki il əvvəl Çex Respublikasının paytaxtı Praqa şəhərində keçirilən “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində bu məsələni diqqət mərkəzinə gətirib. Region ölkələrinin konkret məsələlər üzrə vahid mövqeyi onlara kənar təsirlərin azalmasında, minimum həddə enməsində və aradan qalxmasında zəruri əhəmiyyət kəsb etmək iqtidarındadır. Azərbaycanın bu təşəbbüsü səsləndirməsindən sonra Gürcüstan onun reallaşması üçün tam dəstək verməyə hazır olduğunu bəyan edib. Problem yaradan tərəf Ermənistandır və rəsmi İrəvan hələ ki, təşəbbüsün reallığa çevrilməsinə doğru heç bir addım atmır. Amma bundan ən çox zərər görən tərəf də Ermənistan özüdür.


Ermənistanın artıq Qərb və Rusiya arasında növbəti çəkişmə meydanına çevrildiyi sirr deyil. Eyni zamanda daha bir təhlükəli nüans Qərbdə müəyyən qüvvələrin yenidən Ermənistanı Azərbaycanla hərbi qarşıdurmaya sürükləməyə çalışmalarıdır. Şərti sərhəd zonasında son dövrlərdə artan erməni təxribatı da bunun təzahürüdür. Qonşu Gürcüstanın da daxili işlərinə Qərbdən müəyyən müdaxilə cəhdləri davam edir. “Xarici təsirin şəffaflığı haqqında” qəbul edilən və artıq qüvvəyə qanun Tbilisinin Qərblə münasibətlərini xeyli gərginləşdirib. Artıq Qərb tərəfindən Gürcüstan hakimiyyətinin təmsilçilərinə qarşı sanksiyalar tətbiq olunur, ölkəyə maliyyə və digər yardımların göstərilməsi dayandırılır. Eyni zamanda Gürcüstanın Avroatlantik məkana inteqrasiyası qarşısında da sədlər çəkilir. Baş verənlər qonşu ölkənin daxili işlərinə açıq müdaxilədən başqa bir şey deyil.


Regionda cərəyan edən hadisələr bir daha burada yer alan ölkələrin konkret məsələlərdə birgə fəaliyyət göstərməsinin getdikcə daha böyük zərurətə çevrildiyini göstərir. Məhz bu halda regiona məkrli məqsədlərlə kənar təsirlərin edilməsi üçün göstərilən cəhdlər iflasa məhkum olacaq. Eyni zamanda Cənubi Qafqazın həyatında tamamailə yeni bir səhifə açılacaq. Azərbaycan Cənubi Qafqazın taleyində daha çox məsul olan ölkə kimi regional əməkdaşlıq məsələsində liderliyi öz üzərinə götürməyə, bu xüsusda konkret fəaliyyət həyata keçirməyə hazırdır. Gürcüstan da belə əməkdaşlıqda maraqlı olduğunu bir neçə dəfə bəyan edib. Ermənistanın da müvafiq addımlar atacağı halda Cənubi Qafqaz tarixinin növbəti mühüm səhifəsini yazmaq imkanı əldə edəcək. Bu zaman daha güclü mövqe sahibinə çevriləcək regiona kənar müdaxilə cəhdləri də həm azalacaq, həm də olacağı təqdirdə hansısa effekt verməyəcək.

MTM Analitik Qrup