CƏNUBİ QAFQAZDA SÜLH SAYƏSİNDƏ YENİ QLOBAL ƏMƏKDAŞLIQ ARXİTEKTURASI FORMALAŞIR

Əsrlər boyu böyük geosiyasi maraqların toqquşduğu, lakin eyni zamanda müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkan olan Cənubi Qafqazda baş verən son proseslər dünya tarixində yeni bir səhifə açmaqdadır. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra bu regionda yaratdığı yeni reallıqlar artıq Cənubi Qafqazın sərhədlərindən kənarda proseslərin gedişinə öz təsirini göstərir. Bunu həm də regionun əlverişli coğrafi mövqeyi şərtləndirir. Amma coğrafiyanın yaratdığı bu üstünlüklərdən istifadə yenə Azərbaycanın sayəsində mümkün olub.  

Bəllidir ki,  Azərbaycanın, Gürcüstanın və Ermənistanın yerləşdiyi bu region həm Şərqlə Qərb, həm də Şimalla Cənub arasında körpü rolunu oynayır. Lakin tarix boyu davam edən münaqişələr, ziddiyyətlər və xarici qüvvələrin müdaxiləsi regionun inkişafını ləngidib, onun potensialını tam reallaşdırmasına mane olub. Lakin son illərdə Azərbaycanın uğurlu diplomatiyası, ərazi bütövlüyünü bərpa etməsi və bölgədə sülh təşəbbüsləri Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Sözügedən reallıqlar kontekstində bölgədə sülh tam təmin olunarsa, bu yalnız region daxilində deyil, həm də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanlarının açılmasına gətirib çıxaracaq. Sözügedən məqama  Prezident İlham Əliyen “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə də xüsusi toxunub. Dövlət başçısı qeyd edib: “Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib. Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür. Azərbaycan yerləşdiyi bölgədə – Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atır. Qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır. Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyət gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəkdir. Bildiyiniz kimi, 2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda ABŞ-nin şahidliyi ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamə imzalanmışdır. Beləliklə, ölkələrimiz arasında uzun müddət davam edən münaqişəyə son qoyulması və sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılmışdır. Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunması təkcə bizim region üçün deyil, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaqdır”.

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda sülh və əməkdaşlığın əsas təşəbbüskarı olub, bu istiqamətdə məqsədyönlü siyasət yürüdüb. Artıq bu siyasətin praktiki nəticələri var və Azərbaycanın yanaşmasının tamamilə haqlı olması, reallığı əks etdirməsini Ermənistanda ən yüksək səviyyədə qəbul edirlər. Dünyada da ona vurğu edilir ki, sülhün bərqərar olması ilk növbədə Cənubi Qafqazda davamlı təhlükəsizlik mühitini təmin edəcək. Bu, təkcə ölkələrin daxili sabitliyi üçün deyil, həm də qonşu regionlar üçün mühüm əhəmiyyət kəsb edir. Çünki Cənubi Qafqaz müxtəlif beynəlxalq enerji, nəqliyyat və ticarət layihələrinin keçdiyi strateji məntəqədir. Münaqişələrin aradan qalxması ilə sərhədlər açılacaq, qarşılıqlı etimad artacaq və hərbi risklər minimuma enəcək.  Ermənistanın baş naziri Nikol Paşinyan da hakim “Vətəndaş müqaviləsi” partiyasının qurultayında çıxışı zamanı Azərbaycanın yaratdığı sülhün ölkəsi üçün nə dərəcədə müstəsna önəm kəsb etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh qurulması sayəsində öz tarixinin tamamilə fərqli bir mərhələsinə qədəm qoyub:  “Sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi, mənim və Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi Bəyannamə ilə bərqərar oldu. Avqustun 8-i uzun bir prosesin kulminasiya nöqtəsi, zirvəsidir. Bir il yeddi aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində bir nəfər də əsgər ölməyib və yaralanmayıb. Sülh budur. İndi bu 1 il 7 ay tarixi olan böyük sülhü 2 il 7 ay, 3 il, 4 il, 100 il, 200 il və sair halına gətirməliyik və Ermənistanın bütün sərhədlərinə şamil etməliyik”.

Cənubi Qafqazda yaranan sülh qeyd edildiyi kimi region da daxil olmaqla böyük bir coğrafiyada yeni əməkdaşlıq imkanları yaradır. Xüsusən də Çin, Mərkəzi Asiya ilə Avropanı birləşdirən genişmiqyaslı layihələrin reallaşmasının daha sürətli hala gəlməsi gözlənilir. Sülhün əsas nəticələrindən biri Zəngəzur dəhlizi də daxil olmaqla yeni nəqliyyat xətlərinin açılması olacaq. Azərbaycan artıq Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin əsas oyunçusuna çevrilib. Sülhün təmin edilməsi ilə Cənubi Qafqaz bu layihələrin tam mərkəzinə çevriləcək. Mərkəzi Asiya ölkələri üçün bu, Xəzər dənizi vasitəsilə Avropa bazarlarına daha sürətli çıxış deməkdir. Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi ölkələr Azərbaycan üzərindən daşımaların miqyasını Zəngəzur dəhlizi işə düşdükdən sonra daha da genişləndirəcəklər. Yaxın Şərq ölkələri üçün isə Cənubi Qafqaz üzərindən keçən yollar Avropa və Rusiya bazarlarına alternativ marşrut rolunu oynayacaq. Avropa İttifaqı isə enerji və ticarət baxımından yeni və etibarlı tərəfdaşa sahib olacaq. Beləliklə, Cənubi Qafqaz Avrasiya nəqliyyat şəbəkəsinin mərkəzi həlqəsinə çevriləcək.

Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənub Qaz Dəhlizi Avropanın alternativ enerji mənbələrinə çıxışını təmin edir. Regionda sülhün bərqərar olması isə bu layihələrin miqyasını genişləndirə bilər. Əslində, bu prosesdə Avropa və Mərkəzi Asiay ölkələri də xüsusi maraqlı tərəflərdir. Mərkəzi Asiya qazının və neftinin Cənubi Qafqaz vasitəsilə dünya bazarlarına çıxışı da sürətlənəcək. Bu isə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Azərbaycan və digər region ölkələrinin iqtisadi gəlirlərini artıracaq.

Sabitlik və təhlükəsizlik həm də xarici sərmayələrin cəlb edilməsində mühüm rol oynayır. Münaqişələrin sona çatması ilə Cənubi Qafqazda yeni biznes imkanları yaranacaq. Yollar, dəmir yolları, limanlar və logistika mərkəzlərinin inkişafı sürətlənəcək. Təhlükəsiz mühit region ölkələrinin turizm potensialını açacaq. Kənd təsərrüfatı və sənayedə də mühüm dəyişikliklər proqnozlaşdırılır. Bu müstəvidə də geniş əməkdaşlıq imkanları açılacaq, region ölkələri bir-birini tamamlayan iqtisadiyyatlarını inteqrasiya edə biləcəklər. Sülh yalnız iqtisadi fayda deyil, həm də xalqlar arasında qarşılıqlı əlaqələr və əməkdaşlıq mühitinin formalaşması deməkdir. Cənubi Qafqazın sülh məkanı kimi formalaşması Yaxın Şərq və Avropa ölkələri arasında da körpü rolunu gücləndirəcək. Region ölkələri həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa İttifaqı ilə əməkdaşlıqda strateji mövqeyə sahib ola bilərlər. Bu, xüsusilə Azərbaycan üçün əlavə diplomatik dividendlər yaradacaq, Bakı beynəlxalq danışıqlar və regional əməkdaşlıq mərkəzi rolunu daha da gücləndirəcək.

Ən əsası isə Cənubi Qafqazda tam sülhün təmin olunması dünya miqyasında sabitliyə xidmət edəcək. Bu region müxtəlif geosiyasi oyunçuların maraqlarının toqquşduğu məkan olduğuna görə, burada əldə olunacaq sabitlik beynəlxalq münasibətlərdə də müsbət rezonans doğuracaq. ABŞ, Rusiya, Çin, Avropa İttifaqı kimi güclər arasında əməkdaşlıq üçün əlavə imkanlar açılacaq. Bütün bunlar bir daha təsdiq edir ki, Cənubi Qafqazda tam sülhün və əməkdaşlığın təmin olunması yalnız region ölkələrinin deyil, həm də Mərkəzi Asiya, Yaxın Şərq və Avropanın maraqlarına cavab verir. Nəticədə bu, Cənubi Qafqazı həm də dünya miqyasında sülhün, sabitliyin və əməkdaşlığın mühüm mərkəzinə çevirir.

MTM Analitik Qrup