
İran İslam Respublikası Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərinin yekunları fonunda Cənubi Qafqazda regional əməkdaşlıq, o cümlədən də 3+3 formatı ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Səfər müddətində müzakirə olunmuş bu format üzrə danışıqların bərpası və davam etdirilməsi kifayət qədər real hesab olunur.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülmüş bu format rəsmi Bakıdan ciddi dəstək alıb. Yeni format regionda Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan və Azərbaycan arasında (“Altılıq”, yaxud “3+3”) yeni əməkdaşlıq platformasının yaradılmasını, davamlı sülh və sabitliyin təmin edilməsini hədəfləyir. Strateji müttəfiq ölkələr – Azərbaycan və Türkiyə 6 ölkənin iştirakı ilə bölgədə qalıcı sülhün bərqərar edilməsində, əməkdaşlığın inkişafında maraqlı olduqlarını nümayiş etdiriblər.
Yeni formatda əməkdaşlığın müzakirəsi məqsədilə Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinlərinin ilk görüşü 2021-ci ildə Moskvada, ikinci görüş 2023-cü ildə Tehranda keçirilib. Gürcüstan tərəfinin iştirak etməməsinə və tərəddüdlərinə rəğmən, rəsmi Tbilisin həmin formatda iştirakı öz aktuallığını itirməyib. Gürcüstan Rusiya amilinə görə bu formata spektik yanaşsa da, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ölkənin də regional əməkdaşlıqdan kənarda qalmayacağına ümidvar olduğunu bəyan edib. Gürcüstanın bu formatda iştirakında təkcə Rusiya deyil, Türkiyə tərəfi də maraqlı olduğunu dəfələrlə bəyan edib. Bununla belə, gələcəkdə Gürcüstanın iştirakı olmadan “3+2” formatının yaradılması da istisna olunmur.
Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən əsas ölkəsi olaraq bu formatın həm əsasında, həm də kənar həlqəsində yer alır. Regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişafı Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək. Yeni format, eyni zamanda, qarşılıqlı etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından bütün region ölkələrinin maraqlarına uyğundur. Təsadüfi deyil ki, İran və Rusiya rəhbərliyi də “3+3” formatının yaradılması tərəfdarı olduqlarını dəfələrlə bəyan ediblər. İran Prezidentinin Bakıya son səfəri zamanı bu məsələnin əsas müzakirə mövzularından olması da diqqətçəkici məqamdır.
Hazırda regionun 6 ölkəsinin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Bu mənada, yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd etməklə, regional ticarətin və iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər. Bundan əlavə, hazırda dünya neft ehtiyatlarının 14,7 faizi, təbii qaz ehtiyatlarının 42,1 faizi “3+3” formatına daxil olacaq ölkələrdədir. Rusiya, İran və Azərbaycanın daha çox karbohidrogen ehtiyatlarına malikdirsə, Türkiyə, Gürcüstan və Ermənistanda su resursları və faydalı qazıntılar üstünlük təşkil edir.
Azərbaycan və Türkiyənin yekdil mövqeyi bundan ibarətdir ki, Ermənistanın üzləşdiyi sosial-iqtisadi böhrandan çıxmasının yeganə yolu yekun sülh sazişinin imzalanması üçün irəli sürülən şərtləri qəbul etməsi, işğalçı ideologiyadan imtina etməsidir. Yalnız bu halda regionda Ermənistanın da inkişafını təmin edə biləcək yeni əməkdaşlıq əlaqələrinin qurulması mümkün ola bilər. Son iki ildə Moskva və Tehranda aparılmış müzakirələrdə xüsusi vurğulanıb ki, “3+3” formatının reallaşması üçün Zəngəzur dəhlizi də daxil olmaqla, regiondakı bütün kommunikasiya və nəqliyyat əlaqələrinin bərpası vacib şərtlərdəndir.
Postkonflikt dövründə yükdaşıma və nəqliyyat sahələrinin inkişafına şərait yaradacaq mühüm marşrutlardan biri məhz Zəngəzur dəhlizidir. Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da, eləcə də 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatlarda bu dəhlizin açılması və istifadəyə verilməsi zəruriliyi birmənalı təsbit edilib. Dəhlizin reallaşması təkcə Azərbaycanın deyil, digər ölkələrin də logistika və ticarət mövqeyinin, beynəlxalq yükdaşımalarda rolunun gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Zəngəzurdan keçən nəqliyyat-kommunikasiya layihələri ağır sosial-iqtisadi vəziyyətdə olan Ermənistanın özü üçün də əlavə imkanlar açılması yaradacaq. Rəsmi İrəvanın iki istiqamətdə Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməsi və ticarət dövriyyəsində 25-30 faiz payı olan Rusiya ilə əlaqələr qurması mümkündür: Gümrü-Naxçıvan-Mehri-Bakı və İcevan-Qazax-Bakı marşrutları bu ölkənin dalan durumundan çıxması baxımından həlledici rol oynayır. Ermənistan təkcə Türkiyə üzərindən Aralıq və Qara dəniz limanlarına deyil, həm də Azərbaycan üzərindən Culfa vasitəsilə İranla əlaqələr qurmaq şanslarını da qiymətləndirməlidir.
Ermənistan hələlik bu prosesi İranla birgə əngəlləməyə çalışsa da, Rusiyanın bu məsələdə əvvəl-axır İrəvan və Tehrana ciddi təsir göstərəcəyi şübhəsizdir. Rəsmi Moskva bu dəhlizin reallaşdırılması yolu ilə Türkiyəyə Gürcüstandan kənar alternativ kommunikasiya imkanları qazanmağa çalışır. Bundan əlavə, İran-Azərbaycan münasibətlərindəki gərginliyin tədricən aradan qalxması fonunda rəsni Tehranın Zəngəzur dəhlizi ilə bağlı əvvəlki qeyri-konstruktiv mövqeyindədə də əsaslı dəyişikliyin baş verəcəyi gözləniləndir.
MTM Analitik Qrup