“BUSTER” DOZANI VURDURANLARIN “İMMUNİTET” SERTİFİKATI MÜDDƏTSİZ OLUR – AGENTLİK

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “buster” doza ilə bağlı məlumat yayıb.

Agentlikdən daxil olan məlumatda deyilir:

– “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Avqust ayından etibarən ölkədə “buster” dozanın da vurulmasına başlanılıb.

“Buster” dozanın vurulma tarixi ilə bağlı vətəndaşları maraqlandıran məsələlər nəzərə alınaraq bir daha qeyd edirik ki, COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində “buster” doza vurdura bilər. “Buster” dozanı vurdurmaqla vətəndaş “İmmunitet” sertifikatının müddətini müddətsiz olaraq uzadır.

Məlumat üçün qeyd edək ki, yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər.

Əgər “buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 56 gün ötürülərsə, o zaman “Peyvənd” sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edə bilər.