Bundestaqa seçkilərdə Almaniya Sosial-Demokrat Partiyası (ASDP) qalib gəlib, XDİ/XSİ bloku isə öz tarixi ərzində ən aşağı nəticə göstərərək ikinci yerlə kifayətlənməli olub.
Almaniyanın ZDF telekanalının verdiyi xəbərə görə, bütün dairələrdə səslər sayıldıqdan sonra ASDP-nin 25,7 faiz, XDİ/XSİ blokunun 24,1 faiz səs topladığı məlum olub. Üçüncü yerə 14,8 faiz səslə “yaşıllar”, dördüncü yerə 11,5 faiz səslə Azad Demokrat partiyası, beşinci yerə isə 10,3 faiz səslə “Almaniya üçün alternativ” partiyası çıxıb. Almaniyada bundestaqa seçkilər dünən keçirilib. Hazırkı kansler, XDİ-nin sabiq lideri Angela Merkel seçkilərdə iştirak etməyib. Hakim koalisiya formalaşdıqdan və yeni kansler təyin olunduqdan sonra Merkel vəzifəsini tərk edəcək. Kansler postuna əsas namizədlər ASDP-dən Olaf Şolts və XDİ/XSİ blokundan Armin Laşetdir.