Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gün futbol üzrə Avropa çempionatı ilə bağlı sürücülərə müraciət edib.
Müraciətdə deyilir:
“AVRO-2020 Avropa futbol çempionatının növbəti oyununun 16.06.2021-ci il tarixdə paytaxtın Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulub. Bu məqsədilə bütün təhlükəsizlik tədbirləri müəyyən edilərək icraya yönəldilib. Olimpiya stadionu, ona bitişik olan bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülməklə gücləndirilmiş iş rejimi ilə xidmət təşkil edilib.
Qardaş Türkiyə və digər ölkələrdən gələn çoxsaylı azarkeşlərin, qonaqların, tamaşaçıların rahat və təhlükəsiz hərəkətinin təşkil edilməsi eləcə də qonaqpərvərlik mühitinin yaradılması üçün Bakı Şəhər Dövlət Yol Polisi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə müraciət edir.
Olimpiya stadionu və ya Böyükşor bulvarı istiqamətində olan Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu Köndələn və X.R.Ulutürk küçələrindən eləcə də H.Əliyev prospektilə 3 saylı Asan Xidmət yanından və Hava Limanından mərkəzə doğru H.Əliyev prospektindən Olimpiya stadionunun əsas giriş qapısı istiqamətinə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur.
Əvvəlcədən məlumat verildiyi kimi təkrarən bildirik ki, qeyd edilən istiqamətə futbol üzrə təşkilat komitəsi tərəfindən xüsusi tanınma nişanları ilə təchiz edilmiş nəqliyyat vasitələri göstərilən giriş üzrə hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələrilə bu istiqamətə doğru hərəkətin mümkünsüzlüyünü nəzərinizə çatdıraraq, ictimai nəqliyyat vasitələrilə hərəkət etməyi tövsiyə edirik.
Məlum olduğu kimi azarkeşlərin Q.Qarayev metrostansiyası yanından, S.Vurğun adına parkın qarşısından xüsusi ayrılmış ekspress avtobuslarla azarkeşlərin daşınması, piyadaların isə Koroğlu metrostansiyasından nəzərdə tutulur.
Oyunun başlanılması pik saatına təsadüf etdiyi üçün bu müddətdə süni sıxlığın yaşanma ehtimalını nəzərə alaraq şəxsi avtomobillərdən istifadə etməməyi və avtobuslarla hərəkət edərkən tibbi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur.
İnanırıq ki, hər zaman olduğu kimi bu gündə vətəndaş-polis həmrəyliyi bu oyunun da yüksək səviyyədə keçirilməsinə şərait yaradacaqdır. Bir daha hər kəsə daha diqqətli, ayıq-sayıq olmağı və təhlükəsizlik qaydalarına riayət etməklə nizam-intizamlı olmağı tövsiyə edirik”.