BU İL QEYDƏ ALINAN ZƏLZƏLƏLƏRİN SAYI AÇIQLANIB

2024-cü il ərzində 12875 yeraltı təkan qeydə alınıb.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri bölməsi və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə iclasında RSXM-nin baş direktoru Qurban Yetirmişli deyib.

“Onlardan 5519-u yerli, 4246-ı regional, 3110-u uzaq zəlzələlərdir. Bununla yanaşı, 1729 yeraltı partlayış qeydə alınıb. İl ərzində Azərbaycan ərzisində maqnitudası 3-dən böyük olan 55 zəlzələ qeydə alınıb. Hesabat gününə qədər Azərbaycan və ona bitişik ərazilərdə 15 hiss olunan zəlzələ qeydə alınıb.

2024-cü ildə hesabat gününə qədər Azərbaycan ərazisində maqnitudası 5-dən böyük olan 3 zəlzələ baş verib. Bu zəlzələlərdən ən güclüsü Lənkəran rayonunda qeydə alınıb. Lənkəranda qeydə alınan zəlzələnin maqnitudası 5,3 olub.

2024-cü il ərzində Talış zonası, Şamaxı-İsmayıllı, Şirvan ərazisi, Quba – Qusar zonası, Kiçik Qafqaz və Kür ovalığı, Balakən-Gürcüstan, Xəzərin cənub hissəsi yüksək seysmikliklə səciyyələnib. Gürcüstan, Gürcüstan-Ermənistan, İran ərazilərində seysmiklik yüksək müşahidə olunub”, – o qeyd edib.