BU GÜN YEL ÇƏRŞƏNBƏSİ QEYD OLUNUR

Xalq arasında “külək oyadan çərşənbə”, “küləkli çərşənbə”, “yelli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnama görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
Folklorşünaslarımızın fikrincə, əski etiqadlarda qeyd edilmişdir ki, torpağın altında – “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel – ağ, qara yel- qara, xəzri – göy, gilavar – qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçmişdir.