BU GÜN XALQ ŞAİRİ NƏRİMAN HƏSƏNZADƏNİN ANADAN OLMASININ 91-Cİ İLDÖNÜMÜ TAMAM OLUR

Bu gün müasir Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 91-ci ildönümü tamam olur.

Ötən il Prezident İlham Əliyev Xalq şairini 90 illik yubileyi münasibətilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edib və ona təbrik ünvanlayıb.

Onun əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə olunub.

Nəriman Həsənzadə ötən əsrin 50-60-cı illərində yazdığı “Qız ürəyi”, “Hadi və Əsgər”, “Körpəylə söhbət”, “Biz bir ildə doğulduq”, “Qadın”, “Heybədə gəzən şeir” (“Sabir”), “Vətənsiz”, “Əsir uşaq”, “Şahid ol, Günəş”, “Nəriman”, 70-80-ci illərə aid “Həsrət”, “Zümrüd quşu”, “Rəsul Həmzətova məktub”, “Kimin sualı var?”, 90-cı illərdən etibarən qələmə aldığı “Şəhid atası Şərif qağaya məktub”, “Qafqaz”, “Cavid”, “Qarabağdan gələn var”, “Xarı bülbül”, “Bəyanat”, “Poylu – beşiyim mənim”, “Qaçaq Kərəm”, “Nuru Paşa”, “Nizami”, “Sözü tara verin” çoxlu sayda və müxtəlif həcmli poemalarının hamısında həm epos təhkiyə-intonasiyasına, həm hadisələrin dramatizminə, həm də xarakterik detal-məqamların ictimai-estetik interpretasiyasına əsaslanmaqla bir şair, bir tarixçi, bir filosof kimi çıxış edib.

“Nəriman” epik-dramatik poeması əsasında hazırlanmış “Bütün Şərq bilsin” tamaşasının uğurundan sonra Nəriman Həsənzadəyə ikinci uğuru “Atabəylər” qazandırıb. Sonra isə “Pompeyin Qafqaza yürüşü” mənzum pyesi tamaşaya qoyulub.

Nəriman Həsənzadə istedadlı şair olmaqla yanaşı, qələmini nəsrdə də sınayıb. Onun publisistikası milli-mənəvi dəyərləri, humanizmi, insan-cəmiyyət münasibətlərində halallığı, səmimiliyi, Azərbaycan xalqının milli müstəqilliyini müdafiə edən, güclü dövlətçilik təfəkkürünə malik vətənpərvər bir publisistikadır ki, Xalq şairinin, ictimai xadimin gərgin mübarizələrdən keçmiş şəxsiyyətinin, milli taleyinin bilavasitə ifadəsidir. Xüsusilə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mənim ədəbi taleyim” əsəri Azərbaycan ədəbiyyatında yazıçı publisistikasının ən gözəl örnəklərindən biridir.

Xalq şairi 34 bədii–poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. Şairin yeddicildlik “Seçilmiş əsərləri” kütləvi tirajla nəşr olunub. 100-dən artıq şeirinə musiqi bəstələnib.

Əsərləri haqqında respublika və xarici mətbuat səhifələrində məqalələr dərc olunub. “Nəriman Həsənzadənin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edilib, “Nəriman Həsənzadənin yaradıcılıq yolu” adlı monoqrafiya çap olunub. Onun yaradıcılığı hər zaman yüksək dəyərləndirilib və müstəqil Azərbaycanın bir sıra ali orden və medallarına layiq görülüb.