Bu gün paytaxt Vaşinqtonda ABŞ-ın yeni seçilmiş Prezident Donald Trampın inauqurasiya mərasimi keçiriləcək. 60-cı prezident seçkiləri ilə bağlı andiçmə mərasimi yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 21:00-da) başlayacaq. Tədbirin daha əvvəl Kapitol binasının qərb həyətində baş tutması planlaşdırılsa da, Vaşinqtonda hökm sürən kəskin soyuq hava şəraiti ilə əlaqədar Kapitol binasının rotundasına keçirilməsi qərara alınıb.
Andiçmə mərasimi ilə ABŞ-da rəsmi olaraq idarəçilik Bayden administrasiyasından Tramp administrasiyasına keçir.
Kapitol binasında təhlükəsizlik xidməti saat 5:30-dan fəaliyyət göstərəcək, saat 9:30-dan etibarən musiqi səsləndiriləcək. Mərasim yeni seçilmiş vitse-prezident Ceyms Devid Vens və yeni seçilmiş Prezident Donald Trampın andiçməsi ilə başlayacaq.
Andiçmədən sonra Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris üçün yolasalma mərasimi baş tutacaq. Daha sonra Kapitoldakı Prezident otağında Trampın müxtəlif sənədlərə dair ilk imzalama mərasimi keçiriləcək. Ardınca Tramp Konqresin İnauqurasiya Mərasimləri üzrə Birgə Komitəsinin təşkil etdiyi naharda iştirak edəcək və daha sonra Vaşinqtonun mərkəzindəki “Capital One Arena”da baş tutacaq prezident paradını izləyəcək. Gün Ağ Evdə Oval Ofisdə imzalanma mərasimi ilə yekunlaşacaq.
İnauqurasiya mərasimində ABŞ-ın keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bil Klinton da qatılacaq. Həmçinin amerikalı milyarderlər Mark Zukerberq, Elon Musk və Ceff Bezos da mərasimi ön sıradan izləyənlər arasında olacaq.
Yanvarın 20-si ABŞ-da Martin Lüter Kinq Günü olduğundan qeyri-iş günüdür.