BU GÜN TÜRKİYƏDƏ CÜMHURİYYƏT BAYRAMIDIR

Oktyabrın 29-u Türkiyədə Cümhuriyyət (Respublika) bayramıdır.

Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cümhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir. Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Mustafa Kamal (Atatürk) özü olur. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.

Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir. Əhalisi təxminən 73 milyon 722 min 988 nəfər, paytaxtı Ankara şəhəridir. Parlament üsulu ilə idarə olunan ölkənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir. Türkiyənin rəsmi dili türk dilidir.

Ölkə şərqdən İran, Azərbaycan, Gürcüstan və Ermənistan, cənubdan Suriya və İraq, qərbdən Yunanıstan və Bolqarıstanla sərhəddir.