
Bu gün Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il tarixli münaqişə zonasında atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatın imzalanmasının ildönümü ilə əlaqədar Soçidə görüş keçiriləcək.
Görüş zamanı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların icrasının gedişatını nəzərdən keçirmək, eləcə də regionda sabitliyin gücləndirilməsi və dinc həyatın qurulması üzrə gələcək addımlar müəyyənləşdiriləcək.
Qeyd olunub ki, görüşdə ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət ayrılacaq.
Kremldən bildiriblər ki, V.Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşləri nəzərdə tutulub.