BU GÜN NOVRUZUN İLK ÇƏRŞƏNBƏSİDİR


Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir.

Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir.

Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.

Su çərşənbəsi suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.

Qeyd edək ki, martın 1-də Od, 8-də Yel (Hava), 15-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.