Dekabrın 17-si Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il dekabrın 17-də Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddət ərzində nazirliyin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatların uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.
Son illər Azərbaycanın sürətli tərəqqisi nəticəsində ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb, cəmiyyət həyatının bütün sahələri inkişaf edib. Azərbaycanın hərbi qüdrəti durmadan artıb. Son dövrdə Azərbaycanda müdafiə sənayesi sahəsinin uğurla inkişaf edib. Hazırlanan hərbi təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Müdafiə Sənayesi Nazirliyində 16 il ərzində mühüm uğurlar əldə olunub. Ordu quruculuğu sahəsində də islahatlar aparılıb, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və bu işlər indi də davam etdirilir. Ordunun silah–sursat və digər müdafiə təyinatlı məmulatlarla təchiz edilməsində dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi öz layiqli yerini tutmaqdadır.
Qısa müddətdə Müdafiə Sənayesi Nazirliyi tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatları beynəlxalq sərgilərdə nümayiş etdirməklə yanaşı, böyük təcrübə toplayaraq Azərbaycanda “ADEX” adı altında beynəlxalq müdafiə sərgilərinin keçirilməsinin təşkilatçısına çevrilib. Keçirilən sərgilərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan brendi kimi nümayiş etdirilib. Sərgilərdə nümayiş etdirilmiş məmulatlar xarici və yerli nümayəndə heyətləri, eləcə də sadə xalq tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycanın müdafiə sənayesi məhsulların böyük sınağı otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda aparılan Vətən müharibəsi oldu. Vətən müharibəsində MSN-in istehsalı olan müasir silah-sursatın, pilotsuz uçuş aparatlarının uğurlu tətbiqi tarixi Qələbənin qazanılmasında mühüm rol oynadı.
MSN-in bu uğuru Prezident, Müzəffər Ali Baş Komandan tərəfindən də daim yüksək qiymətləndirilib. Dövlətimizin başçısı İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Azərbaycanın Vətən müharibəsindəki Qələbəsini şərtləndirən amillərdən danışarkən müdafiə sənayesinin istehsalı olan silah-sursatın da önəmini xüsusi vurğulayıb. Azərbaycan Prezidenti müsahibədə bildirib ki, hava hücumundan müdafiə sistemi, dronlar, artilleriya – bu amillərin birləşməsi, üstəlik, ilk növbədə, öz həyatlarını qurban verən əsgər və zabitlərimizin motivasiyası və cəsarəti çox çətin coğrafi şəraitdə Qələbədə həlledici rol oynadı. Sözsüz ki, bütün bunlar bizim Qələbəmiz üçün təməl yaratdı. Dronlara gəlincə, biz onları almağa davam edirik. Müharibə başa çatandan sonra biz yeni modifikasiyalar almaq üçün yeni müqavilələr imzaladıq və qeyd etdiyiniz kimi, eyni zamanda, biz qırıcı, kamikadze deyil, kəşfiyyat dronları istehsal edirik və bu dronlar bazara çıxarılır. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir və biz artıq əsas ehtiyaclarımızı ödəyən hərbi sənaye kompleksini inkişaf etdirmişik. Biz bunu davam etdiririk, çünki qeyd etdiyim kimi, hələ də erməni revanşizmi təhlükəsi var, hələ də sabitliyin pozulması təhlükəsi var. Beləliklə, biz hər zaman sərhədlərimizi müdafiə etməyə hazır olmalıyıq.
Bu ali etimaddan, diqqət və qayğıdan daha da ruhlanan nazirliyin kollektivi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikanın müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini bundan sonra da birləşdirərək Azərbaycan Ordusunu yeni növ silah, hərbi texnika və döyüş sursatları ilə təmin edəcək.