BU GÜN İTALİYADA PREZİDENT SEÇKİLƏRİ BAŞLAYIR

İtaliyada 13-cü prezidentin müəyyən olunacağı seçki prosesi yanvarın 24-də start götürür.
Seçkiqabağı dövrdə siyasi arenada qeyri-müəyyənlik, partiya və ittifaqlarda isə namizədlərlə bağlı fəallıq davam edir.
İkinci Dünya müharibəsindən sonra 1946-cı ildə xalq səsverməsi ilə monarxiyadan respublika idarəetmə sisteminə keçən İtaliya hazırda 13-cü prezidentini seçməyə hazırlaşır. Ölkədə prezident seçkiləri qanununa əsasən, İtaliya dövlətinin başçısı və milli birliyin nümayəndəsi olan bitərəf prezidenti parlamentin yuxarı palatası olan Respublika Senatının üzvü olan 315 senator və 6 ömürlük senator, aşağı palata – Nümayəndələr Palatasından isə 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü “Böyük Seçki Məclisi” səsvermə yolu ilə müəyyən edir.
Səsvermədə deputatlar partiyaların irəli sürdükləri namizədləri və ya özlərinin prezident görmək istədikləri insanların adlarını boş bülletenə yazır və gizli şəkildə seçki qutusuna atırlar. Səslər açıq şəkildə seçki prosesinə ev sahibliyi edən Nümayəndələr Palatasının sədri və Senatın sədrinin nəzarəti ilə hesablanır. Prezident seçkilərinin yekunlaşması üçün namizədlər ilk 3 turda 1009 deputatdan ibarət parlamentin üçdə ikisinin dəstəyini almalı, yəni, 672 səs yığmalıdırlar. Namizədlər ilk 3 turda kifayət qədər səs toplamasalar, 4-cü turda səslərin yarıdan çoxunu yığan, yəni, 505 səsə çatan namizəd 7 il müddətinə ölkə prezidenti postunu tutacaq.
1948-ci ildə ilk Prezident Enriko De Nikoladan tutmuş hazırkı Prezident Sercio Mattarellaya qədər 12 prezidentin çalışdığı İtaliyada bu vəzifəyə yalnız ölkənin 11-ci prezidenti Corcio Napolitano iki dəfə seçilib. O, ilk dəfə 2006-cı ildə, ikinci dəfə isə 2013-cü ildə prezident olub. C.Napolitano 7 illik səlahiyyət müddətini başa vurmadan 2015-ci ildə istefa verib və onun yerinə hazırkı Prezident Sercio Mattarella seçilib.
Qeyd edək ki, Sercio Mattarellanın səlahiyyət müddəti fevralın 3-də başa çatacaq.

Baş nazir Mario Draqi prezidentliyə namizədliyini açıqlamayıb

Adı tez-tez prezidentliyə namizəd kimi hallanan Baş nazir Mario Draqi namizədliyini rəsmi olaraq açıqlamayıb. Əgər M.Draqi prezident seçilərsə, hökumət buraxılacaq.
Siyasi ekspertlərin fikrincə, M.Draqi Baş nazir kimi qalmalıdır və prezident başqa bir təcrübəli şəxs olmalıdır. Digər ssenari isə M.Draqinin prezident seçilməsi və onun kimi texnokrat bir şəxsin Baş nazir olmasıdır.

Silvio Berluskoni namizədliyini geri götürüb

İtaliyada prezident seçkilərində iştirak etmək üçün müraciət edən sabiq Baş nazir və “İrəli İtaliya” Partiyasının rəhbəri Silvio Berluskoni namizədliyini geri götürüb. Namizədliyi ilk gündən mübahisə mövzusu olan 85 yaşlı S.Berluskoni “İrəli İtaliya”, sağçı “Liqa” və “İtaliya Qardaşları” (FdI) partiyalarından ibarət sağ mərkəzçi alyansın namizədi idi. S.Berluskoni alyans tərəfdaşlarına və ictimaiyyətə ünvanlandığı mesajında milli məsuliyyət hissi ilə hərəkət etdiyini və ölkəsinə müxtəlif yollarla xidmət etməyə davam edəcəyini bildirib. O, namizədliyi boyunca onu dəstəkləyənlərə təşəkkür edib, mərkəz sağ ittifaq olaraq ortaq namizəd seçəcəklərini deyib.

Digər ssenari hazırkı Prezident Sercio Mattarellanın növbəti dəfə seçilməsidir

2015-ci ildə prezident seçilən Sercio Mattarella onun daha bir müddət vəzifədə qalması ilə bağlı çağırışları qəti şəkildə rədd edib.
Əgər M.Draqi prezident seçilərsə, hökumətdə böhranın yaşanmaması üçün Sercio Mattarellaya gələn il keçiriləcək ümumi seçkilərə qədər bu vəzifədə qalmasını təklif edəcəyi bildirilir. Prezident Sercio Mattarellanın isə bu fikrə xoş münasibət göstərmədiyi mətbuatda əksini tapıb.
Qeyd edək ki, prezidentliyə namizədlər sırasında Nümayəndələr Palatasının keçmiş sədri Pier Ferdinando Kasininin, sabiq Baş nazir Culiano Amatonun, hazırkı ədliyyə naziri Marta Kartabiyanın və Senatının sədri Maria Elizabetta Alberti Kasellatinin də adları hallanır.