BU GÜN GÖRKƏMLİ MÜĞƏNNİ, XALQ ARTİSTİ ŞÖVKƏT ƏLƏKBƏROVANIN DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 99-cu ildönümü tamam olur.

Şövkət Ələkbərovanın sənəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sənətkarın 90 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilib.

Müğənninin ifa etdiyi mahnılar ilk gündən dinləyicilərin ürəklərinə yol taparaq yaddaşlarda həkk olunub. Şövkət Ələkbərova o nadir şəxsiyyətlərdəndir ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoyub. Bu isə insanın fəxr etdiyi ən yüksək zirvədir.

Bu gün bənzərsiz ifaları ilə könülləri fəth edən Şövkət Ələkbərovanın möhürünü qoyduğu mahnılar tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında yenidən səslənir. Onun ifasında dinlədiyimiz hər bir nəğmə harada səslənməsindən asılı olmayaraq bu böyük sənətkarı xatırladır.

1922-ci il oktyabrın 20-də Bakıda dünyaya gələn unudulmaz sənətkar Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında solist kimi çalışan sənətkar, sonralar M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.