Bu gün futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində mübarizəyə başlayır.
Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşacaq.
Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Matçı fransalı referi Sedrik Pelisye idarə edəcək. Digər hakimlər isveçrəli Daniel Matkoviç və xorvatiyalı Nikola Yeliç olacaqlar. Koronavirus pandemiyası səbəbindən oyun azarkeşsiz keçiriləcək. Bu qrupun digər oyununda İspaniya millisi Bosniya və Herseqovinanı sınağa çəkəcək.
Azərbaycan seçməsi 6-cı dəfə qitə çempionatının final mərhələsində mübarizə aparacaq. Yığmanın heyətində iki futzalçının meydana çıxıb-çıxmayacağı sual altındadır. Qapıçı Rövşən Hüseynli və müdafiəçi Qallodan götürülmüş analizlərin nəticəsi müsbət çıxıb. Buna görə də hər iki futzalçıdan PCR testi götürülüb və cavablar gün ərzində açıqlanacaq. Testin nəticəsi neqativ çıxarsa, hər iki futzalçı Gürcüstanla matçda iştirak edə biləcək.