Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilir.
İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır.
İmtahanlar Bakı şəhərinin Binəqədi, Pirallahı, Sabunçu rayonlarında, həmçinin Cəlilabad, Füzuli, Kürdəmir, Neftçala, Qax, Quba, Samux, Şəmkir rayonlarında baş tutub.
Bu gün Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblər, Bakıda və Şəmkirdə yerləşən tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri də imtahan verirlər. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.
İmtahanlarda 102 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli, nitq pozuntulu) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.
İmtahanlar saat 11:00-da başlanır.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 120 imtahan binası, 1747 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 120 ümumi imtahan rəhbəri, 303 imtahan rəhbəri, 2211 nəzarətçi-müəllim, 240 buraxılışı rejimi əməkdaşı (mühafizə), 120 bina nümayəndəsi ayrılıb.
Bu gün keçiriləcək imtahanlarda 22698 şagirdin iştirakı nəzərdə tutulur.