BRÜSSEL AZƏRBAYCAN EVİ BEYNƏLXALQ İCTİMAİYYƏTƏ MÜRACİƏT EDİB

Belçikada fəaliyyət göstərən Brüssel Azərbaycan Evi Cənubi Qafqaz bölgəsində yaranmış durumla və ölkəmizin sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki nümayəndəliyinə ünvanlanan bəyanatda Azərbaycan əsilli belçikalılar Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində regionda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq keçirdikləri qeyd edilib.

2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin indiyədək həll olunmadığı, Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbi qulluqçusunun öldüyü və yaralandığı, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı nəzərə çatdırılıb.

Brüssel Azərbaycan Evi beynəlxalq təşkilatları erməni uydurmalarına inanmamağa, işğaldan azad edilmiş Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirən sülhsevər Azərbaycanın mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb.