Qlobal idarəçilik sahəsində bu gün ciddi problemlər müşahidə edilməkdə, beynəlxalq münasibətlər sistemində çoxsaylı ziddiyyətlər qeydə alınmaqdadır. Belə vəziyyət öz növbəsində qlobal məsələlər üzrə dövlətlər, xalqlar arasında əməkdaşlıq və koordinasiya proseslərinə xələl gətirir. Halbuki, iqlim dəyişikliyi, beynəlxalq təhlükəsizlik, iqtisadi tərəqqi, sağlamlıq və bu qəbildən olan digər məsələlərlə bağlı əməkdaşlığa, qlobal idarəetmə sisteminin mükəmməl qaydada işləməsinə bəşəriyyətin indi daha böyük ehtiyacı var.
Hazırda qlobal idarəçilik mənzərəsində sürətli dəyişikliklər baş verir. Mövcud institutların bu dəyişikliklərə effektiv cavab vermək qabiliyyəti istənilən səviyyədə deyil. Bütün bunların əsas səbəblərindən biri qlobal idarəçilikdə Qəb ölkələrindən və institutlarından qaynaqlanan problemlərdir. Qərbin tətbiq etdiyi ikili standartlar, proseslərə münasibətdə yalnız öz maraqlarını əsas götürməsi, bu zaman beynəlxalq hüququ görməzlikdən gəlməsi qlobal idarəçilik nizamını sarsıdıb. ABŞ-ın hakim olduğu birqütblü dünyadan çoxqütblü dünyaya keçid də prosesə ciddi təsir göstərən faktorlardan biridir.
Günümüzdə regional güclərin yüksəlişi idarəetmə məsələlərini də lokallaşdırır. Elə bu kontekstdə Asiya və Afrika kimi regionlar idarəçilik üçün öz institutlarını və yanaşmalarını inkişaf etdirir. Bu güc dəyişiklikləri daha əhatəli və çevik idarəetmə mexanizmlərini, yeni qurumların formalaşmasını tələb edir. Azərbaycanın da üzv olmağa hazırlaşdığı BRİCS qeyd olunanlar kontekstində getdikcə daha çox diqqət cəlb etməkdədir.
BRİCS Şimali Amerika və Qərbi Avropadakı zəngin ölkələrin siyasi, iqtisadi qüdrətinə, onların hegemonluğunu digər dövlətlərə qəbul etdirmək cəhdlərinə qarşı alternativ hesab olunur. BRICS üzvləri açıq mətnlə bəyan edirlər ki, Qərb dövlətləri müxtəlif təşkilatlar, o cümlədən maliyyə qurumları vasitəsilə öz hökmran mövqelərini dünyada gücləndirməyə çalışırlar. Bu mənada inkişaf etməkdə olan iqtisadiyyatların da öz mövqelərini bildirməyə imkan verəcək alternativə ehtiyacı var. BRİCS məhz belə alternativ hesab olunur.
BRİCS-in məqsədi inkişaf etməkdə olan ölkələri bir araya gətirməkdir. Qurumun hazırkı təmsilçiləri həm öz regionlarında, həm də bütövlükdə dünyada mühüm mövqelərə malik olan ölkələrdir. Təşkilatın fəaliyyət istiqamətləri və məqsədləri də olduqca genişdir. Əməkdaşlıq vasitəsilə burada yer alan bütün ölkələr dünya miqyasında iqtisadi və siyasi mövqelərini möhkəmləndirmək imkanı əldə edirlər. Göstərilənlər fonunda Azərbaycanın BRİCS-ə marağı təbii hesab olunur. Eyni zamanda Azərbaycanın üzvlüyündən BRİCS də böyük dividendlər əldə etmək imkanı qazanır. Türkiyənin “Sabah” nəşri qeyd edir ki, Azərbaycan BRICS-in Qərbə pəncərəsi ola bilər. Bununla ölkəmiz BRICS-lə Qərb arasında körpü ola bilər. Eyni zamanda BRICS-ə üzvlük Azərbaycanın qlobal idarəçilik sistemində iştirak imkanlarını daha da artırmağa imkan verir.
Bu və digər faktorlar BRICS-lə əməkdaşlığın gücləndirilməsinin Azərbaycanın milli maraqlarına tam uyğun gəldiyini göstərir. Eyni zamanda bu əməkdaşlıq Azərbaycanın ədalətli dünya nizamının formalaşdırılması, bütün dövlətlər qarşısında inkişaf üçün bərabər imkanların yaradılması istiqamətində xarici siyasət kursuna tamamilə uyğundur. Digər tərəfdən ölkəmizin BRICS-lə əməkdaşlığının intensivliyi Azərbaycanın dünya siyasəti və beynəlxalq əməkdaşlıq məsələlərinə balanslaşdırılmış yanaşma strategiyasına cavab verir.
BRİCS-in əsas ideyası yeni, ədalətli qlobal nizamın yaradılmasıdır. Prinsipcə, bu, yeni yanaşma deyil və 1974-cü il mayın 1-də BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Yeni Beynəlxalq İqtisadi Nizamın Təsərrüfat Bəyannaməsi”ndən irəli gəlir. Burada irəli sürülən ideya İkinci Dünya Müharibəsindən sonra müstəmləkəsizləşdirmə təcrübəsindən yaranıb. O vaxt siyasi cəhətdən müstəqil olmuş ölkələr beynəlxalq iqtisadi münasibətlərdə daha ədalətli iştirak tələb edirdilər. Lakin iyirminci əsrin ikinci yarısında inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bərabərsizliyin aradan qaldırılmasında ciddi irəliləyiş əldə etmək mümkün olmadı. Bunlar fonunda beynəlxalq maliyyə və iqtisadi institutların islahatı ilə bağlı müzakirələr intensivləşdi, amma məsələnin həlli hələ də ləngiyir. BRİCS bunun həllinə mühüm töhfə vermək gücündədir.
BRİCS çoxqütblülük prinsiplərinin və qlobal idarəçilikdə inkişaf etməkdə olan ölkələrin rolunun artırılmasına nail olmağa çalışır. Habelə BRICS bərabərlik, qarşılıqlı hörmət, inklüzivlik və konstruktiv əməkdaşlıq kimi fundamental prinsipləri dəstəkləyir. BRICS-i digər birliklərə üzvlük və ya əməkdaşlıqla bağlı məhdudiyyətlər qoymur. Ümumiyyətlə, siyasət, təhlükəsizlik, iqtisadiyyat, maliyyə, mədəniyyət və xalqlar arasında münasibətlərin inkişafı BRICS üçün prioritetdir. Bütün bunlar Azərbaycanın BRICS-ə marağının səbəblərini aydın təsvir etməyə imkan verir.
MTM Analitik Qrup