BRENDA ŞAFFER: ABŞ AZƏRBAYCAN İSTİSNA OLMAQLA, ƏRAZİ BÜTÖVLÜYÜ PRİNSİPİNİ DƏSTƏKLƏYİR

ABŞ Hərbi-Dəniz Donanması Ali Məktəbinin müəllimi, xarici siyasət üzrə ekspert Brenda Şaffer Amerika KİV-ləri və analitika mərkəzlərinin postsovet məkanında müxtəlif geosiyasi münaqişələrə münasibətdə qeyri-ardıcıl mövqeyini şərh edib.

Brenda Şaffer “X” sosial şəbəkəsindəki hesabında bununla bağlı qeydlərini paylaşıb.

Şaffer yazıb: “Ukrayna Rusiya qoşunlarının öz ərazisindən çıxarılması uğrunda mübarizə aparır və KİV-lərin buna reaksiyası: “Ukraynaya eşq olsun!”. Gürcüstanda oxşar münaqişə ilə bağlı: “Gürcüstan, irəli!” Amma söhbət Azərbaycan-Ermənistan münaqişəsindən gedəndə və Azərbaycan tərəfi 10 min erməni hərbi qulluqçusunu öz ərazisindən çıxarmaq istəyəndə, reaksiya tamamilə başqa olur: “Azərbaycanı dayandırmaq lazımdır”.

Şafferin daha bir şərhində ortaya ABŞ hakimiyyətinin qeyri-ardıcıl siyasəti ilə bağlı sual qoyulur: “Siz ABŞ-ın dövlət katibi Blinkenin Ukraynaya zəng edərək, Kiyevdən Krım və ya Donetskdən olan terrorçulara qarşı hərbi tədbirlərin keçirilməsini dayandırmağı xahiş etməsini təsəvvür edə bilərsiniz? ABŞ Azərbaycan istisna olmaqla, ərazi bütövlüyü prinsipini dəstəkləyir”.