
Braziliya hökuməti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş nazirinin Aparatının yaydığı birgə açıqlamaya münasibət bildirib.
Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib ki, Braziliya hökuməti iki ölkə arasında münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişi əldə etmək niyyətlərini məmnunluqla qeyd edib. Mətbuat relizində, o cümlədən birgə açıqlamada əksini tapmış məhbusların qarşılıqlı azadlığa buraxılması, Ermənistanın COP29-a ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyini dəstəkləməsi və iki qonşu ölkə arasında etimadın gücləndirilməsi tədbirləri müsbət hal kimi qeyd olunur. Braziliya tərəfi, həmçinin Cənubi Qafqazda dialoqun, əməkdaşlığın və rifahın inkişaf etdirilməsi üçün yeni dövrün başlanmasına təkan vermiş bu təşəbbüsə görə hər iki ölkəni təbrik etmiş və münaqişələrin yalnız beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq diplomatik yollarla həllinin vacibliyini qeyd edib.
Braziliyanın erməni diasporunun sıx məskunlaşdığı və aktiv fəaliyyət göstərdiyi bir Latın Amerikası ölkəsi olmasına baxmayaraq, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhəd toxunulmazlığı Braziliya tərəfindən dəstəklənib. Təsadüfi deyil ki, Azərbaycanın vaxtilə işğal olunmuş torpaqlarının tam və qeyd-şərtsiz qaytarılmasına dair BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum 4 qətnaməsi 1993-cü ildə Braziliyanın BMT Təhlükəsizlik Şurasında (TŞ) qeyri-daimi üzvlüyü zamanı, hətta 874 saylı qətnamə Braziliyanın BMT TŞ-də sədrliyi dövründə qəbul edilib.
Braziliya tərəfi, həmçinin bu il avqustun 16-da BMT TŞ-də keçirilmiş müzakirələrdə ölkəmizə münasibətdə tutduğu mövqeni bir daha sərgiləmiş, o cümlədən Ağdam-Xankəndi marşrutunun istifadəsi mümkünlüyünün araşdırılmasına çağırış etmişdir.
Bu il Azərbaycan və Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edilir və bu münasibətlə hər iki dövlət başçısı tərəfindən qarşılıqlı olaraq təbrik məktubları ünvanlanıb.