BQXK-YA MƏXSUS 8 AVTOMOBİLİN AKSİYA ƏRAZİSİNDƏN KEÇİDİNƏ ŞƏRAİT YARADILIB 

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

Trend-in aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 7 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroruna son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.