BQXK-DƏN ERMƏNİSTANDA İŞGƏNCƏ GÖRƏN HƏRBÇİMİZLƏ BAĞLI AÇIQLAMA

Beynəlxalq Qızıl Xac Komitəsi (BQXK) iki Azərbaycanlının məsələsi barədə məlumatlıdır. Biz ailələr və müvafiq qurumlarla əlaqədəyik və məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş cəkməkdir.

Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri axtarış və araşdırma işləri davam etdirilir.

Dünən isə erməni KİV-də Axundov Hüseyn Əhliman oğlunun işgəncələrə məruz qaldığını əks etdirən videogörüntülər və fotolar yayılıb.

Baş Prokurorluq tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Ombudsman Azərbaycan hərbçisinə işgəncə verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Ombudsman BQXK-dən azərbaycanlı hərbçilərə baş çəkməsini tələb edib