Balkan ölkələrindən olan Bosniya və Herseqovina martın 1-də müstəqilliyinin 30-cu ildönümünü qeyd edir.
AZƏRTAC xəbər verir ki, 1992-ci il 29 fevral-1 mart tarixlərində Bosniya və Herseqovinada müstəqillik referendumu keçirilib. Əhalinin 64,31 faizinin iştirak etdiyi səsvermə nəticəsində seçicilərin 99,44 faizi müstəqil Bosniya və Herseqovinaya “hə” deyib. Müstəqil Bosniya və Herseqovinanın ilk prezidenti, bosniyalı lider Aliya İzzetbeqoviç olub. Bosniya və Herseqovina 1992-ci il mayın 22-də Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvlüyünə qəbul olunub.
Bosniyalılar, xorvatlar və serblər bu gün ölkənin qurucu elementləri hesab edilsə də, dövlət idarəçiliyindən tutmuş bir çox qurumların idarəçiliyinə qədər tam sabitlik əldə olunmayıb. Bosniya və Herseqovinada etnik zəmində gərginlik hələ də davam edir.
Dövlətin ən yüksək orqanı bosniyalı, serb və xorvat üzvdən ibarət Prezident Şurasıdır. Qərarların hər üç üzvün təsdiq etməsi ilə qəbul olunduğu bu Şura həm də ölkənin xarici siyasətini müəyyən edir. Bosniya və Herseqovinada dövlət, qurum və kanton səviyyələrində ümumilikdə 137 nazir var.
Bosniyalılar əhalinin 50,11 faizini, serblər 30,78 faizini, xorvatlar 15,43 faizini və digər etnik qruplara mənsub vətəndaşlar isə 3,68 faizini təşkil edir. Ölkə əhalisinin 50,7 faizi müsəlman, 30,7 faizi pravoslav və 15,2 faizi katolikdir.