BMT VƏ İƏT-İN QLOBAL PROBLEMLƏRLƏ BAĞLI BİRGƏ TOPLANTISI KEÇİRİLİR

Astanada keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumlarının nümayəndələrinin ikiillik 16-cı Baş Əməkdaşlıq Toplantısında İslam dövlətlərini maraqlandıran və ümumi maraq doğuran regional məsələlər, o cümlədən iqtisadi, inkişaf və sosial problemlər müzakirə edilir.

“Emirates” agentliyi xəbər verir ki, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) ev sahibliyi ilə Qazaxıstanda keçirilən üçgünlük toplantıda artan qlobal çağırışlara cavab olaraq iki beynəlxalq qurum arasında əməkdaşlığı gücləndirmək məsələləri diqqət mərkəzindədir.

İclasa BMT Baş katibinin Yaxın Şərq və Asiya-Sakit Okean üzrə köməkçisi Xalid Xiari və İƏT Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmet Kavesa Sengendo həmsədrlik edirlər.

Xalid Xiari qeyd edib ki, bu görüş iki təşkilat arasında müxtəlif fəaliyyətlər üzrə əlaqələrin strateji istiqamətini formalaşdırmağa kömək edəcək və əməkdaşlıq üçün yeni yollar açacaq. O, davam edən siyasi dialoqun dərinləşdirilməsi, islamofobiya və dini dözümsüzlüklə mübarizə məsələlərinə xüsusi yer ayrıldığını vurğulayıb.

Koordinasiya görüşləri İƏT-in strukturları ilə BMT agentlikləri arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə iki ildə bir dəfə keçirilir.