BMT SESSİYASINDA ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI DEPORTASİYA VƏ İŞĞALÇILIQ SİYASƏTİ BARƏDƏ MƏLUMAT VERİLİB

Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 75-ci sessiyası keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, oktyabrın 15-də komitə sədrinin müavini Fuad Hüseynov sessiyada Azərbaycan hökuməti adından çıxış edib. O, Ermənistanın Azərbaycana qarşı deportasiya və işğalçılıq siyasəti, onun tarixi və nəticələri, bu siyasət nəticəsində ağır məhrumiyyətlərlə üzləşmiş qaçqın və məcburi köçkünlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edib və qaçqınlıq, məcburi köçkünlük həyatı yaşamağa məcbur olmuş soydaşlarımızın doğma yurdlarına qayıtmaları üçün imkan yaranıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək, qayğı xüsusi yer tutur, Birinci vitse-prezident Mehriban Əliyeva onların yaşayış şəraitinin yaxşılaşdırılmasını, təhsil, sağlamlıq, mədəni inkişaf məsələlərinin həllini daim diqqətdə saxlayır.

Azərbaycanda qaçqınlığın və məcburi köçkünlüyün Ermənistanın apardığı etnik təmizləmə və hərbi təcavüz nəticəsində baş verdiyini, doğma evindən didərgin salınmış yüz minlərlə azərbaycanlı on illər ərzində çadır şəhərciklərində, vaqonlarda, yarımçıq tikililərdə və ictimai obyektlərdə məskunladığını, hazırda onların təhlükəsiz şəraitdə, ləyaqətlə və könüllü olaraq öz yurdlarına qayıdışı prosesi başlanıldığı barədə danışan Fuad Hüseynov ölkə əhalisinin on faizini təşkil edən, son 30 ildə dünyada adambaşına düşən məcburi köçkünlərin sayına görə ən yüksək göstəriciyə malik olan ölkə kimi Azərbaycanın köçkünlük probleminə həssas münasibətinin başadüşülən və haqlı olduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək olan dövr üçün sosial-iqtisadi inkişafının beş milli prioritetindən biridir, onun gerçəkləşdirilməsi üçün müvafiq Dövlət Proqramı təsdiqlənib və icra edilir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə “Ağıllı kənd/şəhər” və “Yaşıl iqtisadiyyat” layihələri diqqət mərkəzində olmaqla möhtəşəm infrastruktur layihələri həyata keçirilir.

Böyük Qayıdış proqramının icrası nəticəsində artıq 9 minə yaxın keçmiş məcburi köçkün öz doğma yurduna qayıdıb. Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinə artıq 7 milyard dollardan çox vəsait ayrılıb.

Diqqətə çatdırılıb ki, geri qaytarılma prosesindən əvvəl məcburi köçkünlər arasında müxtəlif sorğuların keçirildiyini və respondentlərin 90 faizinin geri qayıtmaq arzusunun olduğunu qeyd edən sədr müavini bildirib ki, həmin sorğuların nəticələri tamamlandıqdan sonra xüsusi “Qayıdış və Reinteqrasiya” elektron idarəetmə sistemi yaradılıb.

Həmçinin vurğulanıb ki, Ermənistan işğal dövründə Azərbaycan torpaqlarını mina və digər partlamamış hərbi sursatlarla o dərəcədə çirkləndirib ki, beynəlxalq ekspertlərin fikrincə, həmin ərazilər Yer kürəsinin minalarla ən çox çirklənmiş əraziləridir. Dəqiq mina xəritələrini tam şəkildə təhvil verməkdən imtina etməklə Ermənistan fundamental insan hüquqlarını, xüsusən də yaşamaq hüququnu kobud şəkildə pozur. 2020-ci ildən indiyədək işğaldan azad edilmiş ərazilərdə 380-ə yaxın azərbaycanlı mina nəticəsində həlak olub və yaralanıb, onların arasında 30 ildir doğma yurduna qayıdışı səbirsizliklə gözləyən məcburi köçkünlər, qaçqınlar da var. Bu baxımdan Ermənistandakı ata-baba yurdlarından zorla qovulmuş 300 minə yaxın azərbaycanlı qaçqının təhlükəsiz və ləyaqətlə qayıtmaq hüquqları qorunmalı, bu məsələ istənilən uzunmüddətli sülhün bir hissəsini təşkil etməlidir.