Son onilliklərdə bütün dünyada balıq və digər dəniz məhsullarına tələbatda sürətli artım müşahidə olunur. Bu gün planetin hər bir sakininin payına 20,5 kiloqram dəniz məhsulu düşür, 60 il bundan əvvəl isə bu göstərici 10 kiloqramdan az idi. Bizim masalarımızda olan balığın böyük həcmi kiçik fermerlər tərəfindən yetişdirilir. BMT-nin Xəbərlər xidməti məlumat verir ki, BMT Baş Assambleyası onları dəstəlkəməyə çağırıb və 2022-ci ili Beynəlxalq kustar balıqçılıq və akvamədəniyyət ili elan edib.
BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) proqnozlarına görə 2030-cu ilə qədər balıq və balıq məhsullarının dünya istehsalının ümumi həcmi 204 milyon tona çatacaq. Bu, 2018-ci ilin göstəricisi ilə müqayisədə 15 faiz çoxdur. Ekspertlər qeyd edirlər ki, balıq bütün ölkələrin sakinlərinin ərzaq zənbilində zəruri və faydalı məhsuldur. Balıq – zülal və zəruri qida mikroelementlərinin gözəl mənbəyidir. 2030-cu ilə qədər orta hesabla hər bir insan ildə 21,5 kiloqram balıq istehlak edəcək.
Bu istehsalın əsas payını akvamədəniyyət sektoru təmin edir və gələcəkdə də təmin edəcək. Eyni zamanda akvamədəniyyətin dünya istehsalının təxminən 80 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür, burada kustar balıq yetişdiricilərin sayı əhəmiyyətli dərəcədə orta və iri akvamədəniyyət müəssisələrində məşğul olanların sayını üstələyir.
Son illərdə fermerlər süni yolla balıq yetişdirmək üçün müxtəlif göllərdən fəal şəkildə istifadə edirlər. Belə yanaşma, bir tərəfdən, dəniz məhsullarına artan tələbatı ödəməyə, digər tərəfdən – vəhşi balıq növlərinin həddindən artıq ovlanmasından müdafiə etməyə və onların qiymətli genetik müxtəlifliyini qoruyub saxlamağa imkan verir.
Beləliklə, süni yolla balıq yetişdirilməsi – ətraf mühit üçün ən az zərərli istehsalatlardan biridir.
FAO rəhbəri vurğulayıb ki, Beynəlxalq ilin elan edilməsi dörd istiqamət üzrə inkişafa nail olmağı hədəfləyir: istehsalat, qida keyfiyyəti, ətraf mühitin keyfiyyəti və o cümlədən pandemiya dövründə ciddi zərər çəkən balıq yetişdiricilərinin həyat keyfiyyəti.
Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlər balıq məhsullarının tədarükünün azalmasına, onun istehlakının azalmasına və balıq ticarətindən əldə edilən gəlirlərin azalmasına səbəb oldu. Ən çox süni yolla balıq yetişdirilməsi sektoruna zərər dəydi, burada son illərdə istehsalatda sürətli artım müşahidə olunmuşdu. 2020-ci ildə isə son illərdə ilk dəfə olaraq təxminən 1,3 faiz azalma müşahidə olunmuşdu.
Süni yolla balıq yetişdirilməsi ilə məşğul olan bir çox fermer məhsulları ilə nə edəcəklərini bilmirlər. Diri balıq ehtiyatlarının artımı yemə sərf edilən xərclərin artımına səbəb olur. Kustar balıq yetişdirmə sektoru müəssisələri, xüsusilə də daha uzunmüddətli istehsalat dövriyyəsi olanlar, tələbatın dəyişməsinə tez bir zamanda uyğunlaşa bilmirlər.
FAO bütün ölkələrin səlahiyyətlilərini qida məhsulları ticarətinə qoyulan məhdudiyyətləri minimal dərəcəyə gətirməyə, eləcə də onların transsərhəd tədarükünü təşkil etməyə çağırıb.
Beynəlxalq ilin elan edilməsi ilə əlaqədar FAO insanların rifahı, daha sağlam qida sistemləri və yoxsulluğun aradan qaldırılmasına böyük töhfə verən kiçik kustar balıq ovlayanları, balıq yetişdiricilərini və balıqçılıq təsərrüfatı işçilərini dəstəkləməyə çağırıb.