Bişkek şəhərindəki A.Maldıbaev adına Qırğızıstan Dövlət Milli Akademik Opera və Balet Teatrında müasir Azərbaycan dövlətinin qurucusu, türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli “Dostluq” konserti keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, komitənin dəstəyi və Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın təşkilatçılığı ilə baş tutan konsertdə dövlət qurumlarının, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
“Heydər Əliyev İli” çərçivəsində Qırğız Respublikasında keçirilməsi planlaşdırılan tədbirlər planına uyğun olaraq baş tutan konsertdən əvvəl Qırğızıstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Akif Alaferdov, tanınmış qırğız teleaparıcısı Assol Moldokmatova və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva çıxış ediblər. Onlar dünyanın siyasət tarixində özünəməxsus yer tutan görkəmli dövlət xadimi Heydər Əliyevin vətəninin, xalqının və türk dünyasının milli maraq və mənafelərinin qorunması naminə misilsiz və əvəzsiz xidmətlərindən danışıblar. Prezident İlham Əliyevin dahi şəxsiyyətin siyasi kursunu böyük müvəffəqiyyətlə davam etdirdiyi diqqətə çatdırılıb. Azərbaycan Prezidentinin diasporumuzla, milli-mədəni irsimizlə bağlı tapşırıqlarının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən yüksək səviyyədə icra edildiyi, Bişkekdə keçirilən çoxsaylı görüşlər zamanı Azərbaycan diasporunun buna bir daha şahid olduğu vurğulanıb.
Konsert zamanı Qırğızıstanın Xalq artisti Ernis Asanaliyevin rəhbərik etdiyi “Oino orchestra” orkestrinin ifasında Azərbaycanın və Qırğızıstanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev, Kalı Moldobasanov və Aksubay Atabayevin əsərləri, “Şattık” və “İveria” ansambllarının ifasında iki ölkənin xalq rəqsləri səsləndirilib. Mahnıları Azərbaycanın Xalq artisti Gülyaz Məmmədova, qırğız sənətçiləri Elqiz Beysembayev, Tair Beyşeyev, Polina Popikova və Janıbek Joomartbekov ifa ediblər.
İzləyicilərin maraqla və alqışlarla qarşıladığı konsertdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev çıxış edərək, ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinin qurulmasında və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin böyük rolunu vurğulayıb, onun əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində Qırğızıstanda həyata keçirilən layihələri buna bariz nümunə adlandırıblar. Azərbaycan və Qırğızıstan prezidentlərinin Ümummilli Liderin Türk dünyası ilə bağlı arzularını yüksək səviyyədə həyata keçirməklə xalqlarımız arasında birliyi daha da möhkəmləndirdikləri diqqətə çatdırılıb.