BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA: DÜNYADA BİRİNCİ VAKSİNASİYA 2020-Cİ İLİN DEKABRINDA AMERİKADA, GƏRƏK Kİ, BİRLƏŞMİŞ ŞTATLARDA HƏYATA KEÇİRİLİB. BİZDƏ VAKSİNASİYA 2021-Cİ İL YANVARIN 18-DƏ BAŞLANDI

Səhv etmirəmsə, dünyada birinci vaksinasiya 2020-ci ilin dekabrında Amerikada, gərək ki, Birləşmiş Ştatlarda həyata keçirilib. Bizdə vaksinasiya 2021-ci il yanvarın 18-də başlandı.

Bunu Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı deyib.

Birinci vitse-prezident bildirib:

“Yəni, ölkəyə vaksinlər kifayət qədər tez çatdırıldı. Bunlar Çin vaksinləri, növbəti mərhələdə Rusiya vaksinləri idi. COVAX layihəsi xətti ilə Avropa vaksinləri də aldıq. Yəni, vaksinləri seçmək imkanı vardı. Təbii ki, vaksinasiyanın könüllü olacağı qərara alındı və seçim vardı. Burada, əlbəttə, ikinci aspekt çox vacibdir. Hesab edirəm ki, Mixailin dediyi kimi, bizim təcrübəmizi uğurlu hesab etsək, yəqin ki, cəmiyyətlə düzgün kommunikasiya çox vacib aspektdir. Ona görə ki, situasiya insanlar üçün yeni, çox cəhətdən qorxulu idi. İnkar edənlər də vardı, hər yerdə olduğu kimi, prinsip etibarilə müxtəlif konspiroloji versiyalar vardı. Bizə nə kömək etdi? İlk növbədə, bizə kömək edən bunu başa düşməyimiz oldu ki, qərargahdan daxil olacaq ismarıclar tamamilə dürüst olmalıdır, biz onları elə yoxlamalıyıq ki, sonradan dəyişməyək. Ona görə ki, belə vəziyyətdə dediyimizi etmək çox vacib idi. Bu halda da mən yenə Prezidentə minnətdaram, çünki o, insanlara, ictimaiyyətə müraciət edir və bu ismarıcları verirdi. Əlbəttə, burada insanların Prezidentə etimadı öz rolunu oynadı. COVID ilə bağlı vəziyyətdə bu etimadın nə dərəcədə vacib olması bir daha təsdiqləndi, ona görə ki, Prezidentdən eşidilənlər birmənalı həqiqət kimi qəbul edilirdi. Əlbəttə, skeptiklər, skeptik əhval-ruhiyyəli insanlar vardı, az sayda vaksin əleyhdarları var. Lakin bütövlükdə biz ciddi ziddiyyətlərdən və ya iğtişaşlardan qaça bildik. Bizdə insanlar vaksin vurdurmağa getdilər və yetərincə intizamlı şəkildə vaksinləndilər. Bu günə qədər bizdə yaşı 18-dən yuxarı olan insanların təqribən 70 faizi iki doza vaksin alıb. Ona görə ki, bizdə əsasən yaşı 18-dən yuxarı olan insanlar vaksinlənir. Uşaqlar üçün vaksinləmə yalnız valideynlərin qərarı ilə həyata keçirilir, məcburi vaksinləmə yoxdur. Səhiyyə Nazirliyi belə də elan edir ki, bu, yalnız valideynlərin qərarı ilə həyata keçir. Ona görə də bu iki tədbirin kompleksi ən optimal ssenari üzrə hərəkət etməyə imkan verdi. Əlbəttə, belə bir ehtiyatlı optimizm var ki, “omikron” epidemiyanın sonu ola bilər. Bununla bərabər, başqa versiyalar da səslənir. Deyirlər ki, virusun daha artıq təhlükəli, daha ölümcül yeni versiyaları yarana bilər. Lakin bütövlükdə keçilmiş yolu təhlil edərək bu gün mən bu iki komponenti əsas hesab edirəm: tezliklə yüksək iş qabiliyyətli, çox düzgün komanda yaratmaq, – vurğulamaq istəyirəm ki, bu komanda təkcə həkimlərdən ibarət olmamalıdır, – ikincisi, biz cəmiyyətə fikrimizcə, çox yoxlanılmış və çox düzgün ismarıclar vermişik. Bu, öz təsirini göstərib. Bu, elə mövzudur ki, fürsətdən istifadə edib, hamıya cansağlığı arzu etmək istəyirəm. Ona görə ki, əlbəttə, bu iki il hamı üçün çox mürəkkəb olub. Kimlərinsə daha uğurlu sağalmasına baxmayaraq, təəssüf ki, kimlərinsə müalicəsi nisbətən uğursuz olur, insanlar vəfat edir. Bizdə də ölənlər olur. Çox ümid etmək istərdim ki, biz artıq bu bəlanın sonuna yaxınlaşırıq”.