BİRİNCİ QRUP ÜZRƏ İXTİSAS SEÇİMİ MÜSABİQƏSİ ÜÇÜN PLAN YERLƏRİNİN SAYI AÇIQLANIB

2024/2025-ci tədris ili üçün respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 13 min 315, rus bölməsi üzrə 785 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5890 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılıb. Bundan 14 min 407 yerə qəbul dövlət sifarişi əsasında aparılır.

I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 13 min 15 plan yeri (o cümlədən Azərbaycan bölməsində 9050, rus bölməsində 475, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3490) var. RK altqrupunda dövlət sifarişi əsasında 9007 plan yeri var.

Rİ altqrupu üzrə ümumilikdə 6975 plan yeri (o cümlədən Azərbaycan bölməsində 4265, rus bölməsində 310, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2400) mövcuddur. Rİ altqrupunda dövlət sifarişi əsasında 5400 plan yeri ayrılıb.