BEYNƏLXALQ VELOSİPEDÇİLƏR İTTİFAQI 40 RUSİYALIYA YARIŞLARA ÇIXMAQ İCAZƏSİ VERİB

Son altı ayda Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) 66 idmançıya neytral statusda yarışlara qatılmaq imkanı verib ki, onların da 40-ı rusiyalıdır.

UCI, həmçinin dörd rusiyalı idmançıya neytral status verməkdən imtina edib.

Qurum may ayında Rusiya və ya Belarusun hər hansı assosiasiyası, milli federasiyası və ya milli olimpiya komitələri ilə heç bir əlaqəsi olmayan rusiyalı və belaruslu idmançıların beynəlxalq yarışlarda, o cümlədən Dünya Kuboku, Millətlər Kuboku və dünya çempionatlarında neytral statusda iştirakına icazə verib.

UCI neytral idmançı statusunu Rusiya və Belarus ordusu və ya digər dövlət təhlükəsizlik orqanları ilə əlaqəsi olmayan, həmin dövlətlərlə assosiasiya olunan bayraqlar, gerblər, himnlər və digər simvollardan istifadə etməyən, həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə hər hansı formada dəstək göstərməyən idmançılara verir.