Mayın 18-də Bakıda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Litva karaimləri” adlı sərginin açılışı olub.
Litva Respublikasının Birinci xanımı Diana Nausediene sərginin açılışında iştirak edib.
Fondun prezidenti Günay Əfəndiyeva qonağa rəhbəri olduğu qurumun fəaliyyəti barədə məlumat verib. Fond ilə Litva arasında geniş mədəni əməkdaşlığın mövcudluğundan bəhs edən G.Əfəndiyeva 2022-ci ilin bu ölkədə “Litva Karaimləri İli” elan olunmasını Türk xalqlarına verilən dəyərin nümunəsi kimi qiymətləndirib. O, Litvada yaşayan tatar və karaimlərin Türk dünyasının ayrılmaz parçası olduqlarını vurğulayıb.
Litvanın Birinci xanımı Diana Nausediene Fondun Türk dünyası mədəniyyətinin, tarixinin araşdırılması və təbliği istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Qonaq tatar və karaimlərin mədəni irsinin mühafizəsinin ölkəsi üçün xüsusi önəm daşıdığını diqqətə çatdırıb. Diana Nausediene tatar və karaimlərin uzun illər Litvada yaşamasına baxmayaraq, öz din, dil və adət-ənənələrini qoruyub saxlamağı bacardıqlarını qeyd edib.
Sonra sərgi ilə tanışlıq olub.
Qeyd edilib ki, “Litva Karaimləri İli” münasibətilə açılan sərgi Litvada yaşayan Türk milli azlıqların – karaimlərin tarixinin, mədəniyyətinin qorunması və təbliği məqsədi daşıyır. Burada nümayiş etdirilən rəsmlərdə Litva karaimlərinin adət-ənənələri, yaşayış tərzi, milli geyim nümunələri əks olunub.